Yeniliklər
Milli Məclisin müvafiq komissiyalarına Vergi Məcəlləsinə 2025-ci ildə edilməsi gözlənilən dəyişikliklər üzrə dəyişikliklər paketi təqdim edilib. Dəyişikliklər paketi qəbil ediləcəyi təqdirdə vergi ödəyicilərini 2025-ci ildə hansı dəyişikliklər gözləyir? Bu haqda vergiler.az saytı məlumat yayıb. Saytın verdiyi məlumata görə qanunvericiliyə edilən dəyişikliklər əsasən aşağıdakı istiqamətləri əhatə edir:
- sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi;
- sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması;
- vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi;
- beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması.
“Bu hədəflər Azərbaycanın dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün güclü potensial ehtiva edir.”- saytın məlumatında deyilir.
Sahibkarlıq fəaliyyətinin təşviqi
Vergi Məcəlləsinə 2025-ci ildə tətbiqi nəzərdə tutulan təkliflərdə dövlət – özəl sektor münasibətlərini əhatə edən vergi təşviqlərinin verilməsi, daha dəqiq desək:
- sahibkarlıq fəaliyyətinin təşviqi;
- sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması ;
- investisiya mühitinin təkmilləşdirilməsi kimi məsələləri nəzərdə tutub.
Təşviqlər əsasən bərpa olunan enerji – “yaşıl enerji” mənbələrindən istifadə üzrə layihələrə investisiya qoyuluşunu stimullaşdırmağa yönəlib. Stimullaşdırma tədbirlərinin əhatəsi kimi bunlar nəzərdə tutulub:
- uzunmüddətli dövrdə dövlətin maliyyə yükünü azaltmaq;
- istehlakçılar üçün tariflərin aşağı salınmasını;
- daxili istehsalın dəstəklənməsi məqsədilə vergi azadolmaları.
Vergi yükünün azaldılması
Vergi Məcəlləsinə 2025-ci ildə gözlənilən digər dəyişikliklər teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti ilə bağlı təklif edilən güzəştlərdir. Məsələn, buraya aid etmək olar:
- fiziki şəxs olan istehlakçıların yuxarıda sadalanan sahələr üzrə göstərilən xidmətlər üçün nağdsız qaydada ödədiyi ƏDV-nin 50 faizinin həmin şəxslərə geri qaytarılması;
- qanunvericiliyin tələblərinə uyğun qaydada qeydiyyatdan keçmiş teatr, muzey, simfonik orkestr, həmçinin film istehsal edən, habelə dublyaj fəaliyyəti ilə məşğul olan müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 90 faizinin 5 il müddətinə mənfəət vergisindən azad olunması;
- yuxarıdakı bənddə sadalanan fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azad edilməsi;
- müəllif hüquqlarından istifadəyə görə, yaxud istifadə hüquqlarının verilməsinə görə, hesablanan royalti gəlirlərinin 5 il müddətinə 14% dərəcə ilə ödəmə tətbiq edilən vergidən azad olunması.
Vergi Məcəlləsində dəyişiklikdən daima xəbərdar olmaq üçün vergi məsləhətləri xidmətindən istifadə edin
75 faizlik güzəştin tətbiqi təklif olunan şəxslər
Vergi Məcəlləsinə 2025-ci il üçün dəyişiklik təklifləri paketində 75 faizlik güzəştlə bağlı məqamlar da yer alıb. Məlumdur ki, 2024-ci ilin yanvarın 1-dən Məcəllənin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad edilib. Dəyişiklik paketində yer alan təkliflərə görə işçi sayı və DSMF haqqı üzrə borc tələbi olmadan bəzi xidmət sahələrində çalışan və 2024-cü ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərin gəlirlərinin 75 faizi vergidən azad edilməsi nəzərdə tutulub.
ƏDV-nin tətbiqi ilə bağlı güzəştlər
Dövriyyələrin şəffaflaşdırılmasına, gəlirliliyin artırılmasına yönələn təkliflərdə bir sıra güzəşt və azadolmalar nəzərdə tutulub.
Digər dəyişiklik Vergi Məcəlləsində mövcud olan və 01.01.2025-ci il il tarixdə müddəti bitən vergi güzəştləri ilə bağlıdır. Bunlar əsasən ƏDV-nin tətbiqi ilə bağlıdır. Məsələn:
- kənd təsərrüfatı məhsullarının satışı üzrə ƏDV-nin ticarət əlavəsindən hesablanması rejiminin tətbiqi müddətinin uzadılması;
- neft emalı zavodları tərəfindən avadanlıqların və materialların idxalının ƏDV-dən azadolması; qüvvədə qalması təklif edilir;
- ölkə ərazisində istehsal olunan avtobusların satışının, istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının (təsdiqedici sənədlər olduqda) ƏDV-dən azad edilməsi;
- əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə (tibb turizminin inkişafı məqsədi ilə) görə “tax-free” rejimində ƏDV-nin geri qaytarılması;
Digər təklif sənaye məhəllələrində istifadədə olan torpaq sahələrinə, habelə əmlaka görə idarəedici təşkilatın və operatorun torpaq və əmlak vergisindən azad edilməsi haqqındadır.
Torpaq sahələrinə görə icarə haqlarının ƏDV-dən azad olunması və vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan və tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilən malların dairəsinin genişləndirilməsi kimi yeniliklər də Vergi Məcəlləsinə 2025-ci ildə tətbiqi gözlənilən təkliflərə daxil edilib.
İnvestisiya mühitinin təkmilləşdirilməsi
Təklif edilən digər dəyişikliklər investisiya mühitinin təkmilləşdirilməsi ilə bağlıdır. Təkliflər siyahısına bu istiqamətdə aşağıdakılar aiddir:
- qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsinin azaldılması;
- xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin 2025-ci ilin yanvar ayının 1-dən etibarən 2 il müddətinə yol vergisindən azad edilməsi;
- qeyri-rezidentin sifarişi əsasında gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən gəmilərin, digər dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb edilməsi.
Bundan başqa, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsindən əldə olunan gəlirlərin mənfəət vergisindən azad edilməsi də təklif olunur.
Vergi nəzarəti və vergitutma bazasının genişləndirilməsi üzrə təkliflər
Digər istiqamət vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsinə yönəlib. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərə aşağıdakılar daxildir:
- bazarlara nəzarət üzrə qanunvericiliyə dəyişikliklərin edilməsi;
- qiymətli daşların, qiymətli metalların və onlardan hazırlanmış məmulatların, mədəniyyət məhsullarının, rəsmi reyestrdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qaydada qəbul edən şəxslərə maliyyə sanksiyasının tətbiqi;
- idxal malları barədə məlumat forması təqdim etməli olan idxalçıların dairəsinin məhdudlaşdırılması və bu sahədə inzibatçılığın dəqiqləşdirilməsi;
- həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta üzrə güzəştlərin əhatə dairəsinin dəyişdirilməsi.
Vergi inzibatçılığının təkmilləşdirilməsi
Bununla bağlı Vergi Məcəlləsinə 2025-ci ildə tətbiqi gözlənilən təkliflərdə aşağıdakılar da nəzərə tutulub:
- fond birjasında səhmlərin təqdim edilməsi zamanı vergitutma obyektinin dəqiqləşdirilməsi;
- bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizminin müəyyənləşdirilməsi kimi məsələlər də aiddir.
Habelə:
- xidmət mərkəzlərində göstərilən xidmətlərə sərf edilən vaxtın azaldılması;
- sabit qəbzin elektron qaydada tətbiq edilməsi;
- ölkə ərazisində yük daşımalarını həyata keçirən şəxslərin könüllü qaydada keçmiş tarixdən ƏDV qeydiyyatına alınması qaydasının tənzimlənməsi,
- güzəşt və azadolma üzrə meyarların müəyyənləşdirilməsi,
- icarə haqqı üzrə verginin ödənilməsi və bəyannamə verilməsi ilə bağlı vəzifənin vergi agentinə həvalə olunması;
- müəyyən kateqoriya vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanının yaradılması da Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasındadır.
Beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması
Vergi Məcəlləsinə 2025-ci ildə gözlənilən digər qrup dəyişikliklər transmilli şirkətlər və xarici əməliyyatlarla bağlıdır. Transmilli şirkətlər qrupuna daxil olan müəssisənin bildirişin vergi orqanına təqdim olunması mexanizmi, nəzarət olunan xarici əməliyyatlar, habelə yuxarıdakı mexanizm və əməliyyatların üzrə tələblərin pozulmasına, transfer qiyməti ilə bağlı məlumatların vaxtında tələb ediməməsinə görə maliyyə sanksiyalarının tətbiq gözlənilən dəyişikliklərdə öz əksini tapıb.
Sadalananlar təkliflər paketini tam əhatə etmir, gözlənilən dəyişikliklərin əhatəsi daha genişdir. 2025-ci ildə Vergi Məcəlləsinə dəyişikliklər hələ ki, layihə kimi Milli Məclisə təklif olunub. Yekun müzakirələrdən və uyğun qərar qəbul edildikdən sonra onlarla sizi tam və ətraflı tanış edəcəyik.