Milli Məclisin 16 dekabrda qəbul etdiyi “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanunu Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2024-cü il tarixli fərmanı ilə təsdiq olunub. Vergi Məcəlləsi 2025 -ci ildə hansı dəyişikliyə məruz qalıb? Məcəllənin həm ümumi, həm də xüsusi hissəni əhatə edən dəyişikliklər sahibkarlığın və investisiya fəaliyyətinin təşviqinə, sahibkarlığın müəyyən kateqoriyalarının vergi yükünün azaldılmasına, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsinə yönəlib.
Vergi Məcəlləsinə dəyişikliklər 2025-ci ilin 1 yanvarından qüvvəyə minir, amma müəyyən istisnalarla.
Belə ki:
“Vergi ödəyicisinin vəzifələri”, “Vergi nəzarəti”, “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət” bölmələrinə əlavə edilmiş 16.1.11-15 – 16.1.11-17-ci, 50.1.15-ci, 50.1.16-cı, 57.3-cü, 58.2-1-ci, 58.15-2 maddələr Vergi Məcəlləsi üzrə 2025-ci il ilin əvvəlindən edilmiş dəyişikliklər qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir.
“Sosial Sığorta haqqında” və “İşsizlikdən Sığorta haqqında” AR qanunlarına uyğun sərbəst vəsaitlərin investisiyasından əldə edilən gəlirlərin mənfəət vergisindən azad olunması (VM, 106.1.36-cı maddəsi) 1 yanvar 2024-cü ildən tətbiq olunur;
2025-ci ildə müəyyən kateqoriya sahibkarlıq fəaliyyətinə görə ƏDV-nin qaytarılması qaydaları üzrə Vergi Məcəlləsinə edilmiş dəyişiklik (maddə 165.5-ci maddəsi) iyulun 1-dən qüvvəyə minir.
165.5-ci maddəyə edilən dəyişikliklə teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlər ƏDV-si qaytarılan xidmətlərə aid edilir.
Vergi məcəlləsi 2025: dəyişikliklər hansı istiqamətləri əhatə edir?
Məcəlləyə edilməsi gözlənilən dəyişiklərin əhatəsi və məqsədi haqqında bu keçiddə məlumat vermişdik. Həmin məlumatları, habelə “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qəbul edilmiş qanunu nəzərə almaqla deyə bilərik ki, 2025-ci ildə Vergi Məcəlləsinə dəyişikliklər aşağıdakı istiqamətlər üzrə aparılıb.
1.Vergi orqanları və vergi ödəyicilərinin hüquq və vəzifələri üzrə dəyişikliklər:
bazar qiyməti ilə bağlı vergi orqanının səlahiyyəti genişləndirilib;
idxalı zamanı məlumatlandırma sadələşdirilib;
bazar mülkiyyətçilərinin vəzifələri artırılıb;
avans ödənişi əməliyyatları sadələşdirilib.
2.Maliyyə sanksiyaları üzrə Vergi Məcəlləsinə dəyişikliklər:
transfer qiymətlərinin müəyyən olunması və tətbiqi üzrə, habelə nəzarət olunan xarici müəssisələrin gəlirləri ilə bağlı məlumat, arayış və sənədlərin müəyyən edilmiş vaxtda yaxud düzgün verilməməsi üçün sanksiya məbləği artırılıb, habelə yeniləri əlavə edilib;
bazar mülkiyyətçiləri tərəfindən qanunvericiliyə uyğun məlumatları vergi orqanına təqdim edilmədikdə və ya təhrif edilmiş məlumat təqdim edildikdə 1000 manat sanksiya tətbiq edilir;
əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənə fəaliyyəti üçün bazar mülkiyyətçiləri tərəfindən şərait yaradılmadıqda maliyyə sanksiyaları tətbiq olunur;
təsərrüfat subyektinin (obyektin) girişində vergi uçotu məlumatların əks olunmamasına görə maliyyə sanksiyası tətbiq edilir.
Son iki maliyyə sanksiyası Vergi Məcəlləsinə dəyişikliklər qəbul edildikdən doqquz ay sonra qüvvəyə minəcək.
3.Vergi Məcəlləsi 2025 –də ayrı-ayrı vergi növləri üzrə dəyişiklik və güzəştlər
fiziki şəxslərin gəlir vergisi, azadolmalar və güzəştlər;
hüquqi şəxslərin mənfəət vergisi, azadolmalar və güzəştlər;
əlavə dəyər vergisi (ƏDV), azadolmalar və güzəştlər, ƏDV-nin qaytarılması;
aksizlərin vergitutma bazası;
əmlak vergisindən azadolmalar;
torpaq vergisindən azadolmalar və güzəştlər;
yol vergisi üzrə vergi dərəcəsi, azadolmalar.
Vergi Məcəlləsinə 2025 –ci ildə edilmiş dəyişikliklər, onların tətbiqi bu keçidə daha ətraflı verilib.
4.Nəzarəti və vergi yoxlamaları ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər
Xarici gəlirlərlə bağlı vergi yoxlamaları dövrü dəqiqləşdirilib;
Operativ vergi nəzarətinin əhatə dairəsinə əlavələr edilib.
5.Gəlirin və xərcin uçotu, gəlirdən çıxılmayan xərclər üzrə dəyişikliklər
“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun, Vergi Məcəlləsi üzrə 2025 –ci ildə edilmiş dəyişikliklər, qanunun qüvvəyə minməsi və keçid müddəaları, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı işçilərin mənzil və yemək, nümayəndəlik xərclərinin gəlirdən çıxılmasının norma və qaydaları ilə bağlıAzərbaycan Mühasiblər Məktəbi geniş vebinar təşkil edib. Vergilər üzrə müstəqil ekspert, təlimçi Azər Qənbərovun şərhində bu keçiddənhəmin vebinarla tanış ola bilərsiniz.