Qiymətləndirmə xidmətləri: növləri, əhəmiyyəti və tətbiq sahələri

Qiymətləndirmə xidmətlərinin növləri və hüquqi əsasları üzrə izahlı infoqrafika
Ümumi

İqtisadi münasibətlərin dinamik inkişaf etdiyi müqasir dövrdə qiymətləndirmə xidmətləri mühüm əhəmiyyət kəsb edir. Bu xidmətlər hüquqi, iqtisadi və maliyyə qərarlarının əsaslandırılmasında, investisiya layihələrinin planlaşdırılmasında vacib rol oynayır. Qiymətləndirmə – əmlakın, aktivlərin və ya hüquqların obyektiv dəyərinin müəyyən olunması prosesidir və bu proses xüsusi metodologiya, təcrübə və hüquqi əsaslara söykənir. Bu məqalədə qiymətləndirmə xidmətlərinin növləri, tətbiq sahələri, metodologiyası və hüquqi çərçivələri haqqında məlumat verilir.

“Qiymətləndirmə xidmətləri” anlayışı və hüquqi əsaslar

Qiymətləndirmə xidmətləri – hər hansı əmlakın, aktivin və ya hüququn cari bazar dəyərinin müəyyən edilməsi məqsədilə həyata keçirilən peşəkar və obyektiv fəaliyyətdir.

Bu fəaliyyətin nəticəsi həmin əmlak, hüquq və ya aktivin bazar dəyərinin müəyyən olunması üzrə peşəkar rəyin hazırlanmasıdır. Rəyin hazırlanması təcrübəli və müvafiq ixtisasa malik müstəqil qiymətləndiricilər tərəfindən həyata keçirilə bilər.

Azərbaycanda qiymətləndirmə xidmətlərinin hüquqi tənzimlənməsi əsasən 2023-cü ildə qəbul olunmuş “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilir. Qanun qiymətləndirmə fəaliyyətinin hüquqi statusunu, prinsiplərini, əsas istiqamət və növlərini, iştirakçılarını, onların hüquq və vəzifələrini müəyyən edir. Bundan əlavə, Vergi Məcəlləsi, Mülki Məcəllə, Məhkəmə-Hüquq Şurasınlın normativ hüquqi aktları, peşə və qiymətləndirmə standartları da bu fəaliyyətin hüquqi əsaslarına dolayısı ilə təsir göstərir.

Əsas hüquqi çərçivələr bunlardır:

  • Qiymətləndiricilərə tələblər: Qiymətləndirmə fəaliyyəti ilə ali təhsilli, ümumi stajı 3 (üç) ildən az olmayan, ixtisas imtahanından keçmiş, Qiymətləndiricilər Palatasının üzvü olan şəxslər məşğul ola bilər. İxtisas imtahanının keçirilməsi AR Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli qərarı ilə tənzimlənir.
  • Qiymətləndirici subyektlər: Bu xidmətlər fərdi qiymətləndiricilər, hüquqi şəxslər və ixtisaslaşmış qiymətləndirmə/ audit şirkətləri tərəfindən göstərilə bilər.
  • Etik normalar: Qiymətləndiricilər müstəqillik, obyektivlik, peşəkarlıq və məlumatların məxfiliyi prinsiplərinə əməl etməlidirlər. Bu prinsiplər “Qiymətləndiricinin etik davranış qaydaları” ilə tənzimlənir.
  • Hesabat standartları: Hazırlanan qiymətləndirmə hesabatı mütləq rəsmi akt formatında olmalı və nəticə, metodologiya və əsaslandırma bölmələrini əhatə etməlidir.

Müxtəlif istiqamətlər və növlər üzrə qiymətləndirmə xidmətlərinin hüquqi əsaslara söykənməsi, onun məhkəmələrdə sübut kimi istifadə olunmasına, vergi orqanları və banklar tərəfindən qəbul edilməsinə şərait yaradır. Bu səbəbdən hüquqi tələblərə uyğun fəaliyyət göstərən qiymətləndirmə subyektləri həm fiziki, həm də hüquqi şəxslər üçün etibarlı tərəfdaş sayılır.

Qiymətləndirmənin məqsədləri və praktiki tətbiq sahələri

Qiymətləndirmə xidmətlərinin tətbiq sahələri olduqca genişdir. Ən mühüm məqsədlər aşağıdakılardır:

  • Vergi və mühasibat uçotu: Əmlakın və aktivlərin bazar dəyəri düzgün vergi öhdəliklərinin müəyyən edilməsində əsas rol oynayır.
  • Kredit və girov əməliyyatları: Banklar əmlakın real dəyərinə əsaslanaraq kredit məbləğini müəyyən edir.
  • Sığorta əməliyyatları: Sığorta şirkətləri əmlakın və ya aktivin real dəyərinə uyğun olaraq müqavilə bağlayır.
  • Məhkəmə və arbitraj işləri: Qiymətləndirmə rəyi hüquqi proseslərdə sübut kimi istifadə oluna bilər.
  • İnvestisiya və satış qərarları: Aktivlərin dəyəri potensial investorlar və ya alıcılar üçün qərarvermədə əsasdır.

Bu məqsədlərin hər biri üçün hüquqi əsaslar movcudur və onlar praktiki tətbiq sahələrinə görə dəyişə bilər.

Qiymətləndirmə xidmətlərinin əsas növləri

Qiymətləndirmə xidmətləri çoxşaxəli və geniş tətbiq sahəsinə malikdir. Müxtəlif əmlak və aktiv növlərinə görə bu xidmətlər aşağıdakı əsas kateqoriyalara bölünür:

  1. Daşınmaz əmlakın qiymətləndirilməsi

Ən çox tələb olunan sahələrdən biridir. Buraya yaşayış evləri, ofislər, torpaq sahələri, sənaye obyektləri və kommersiya daşınmazlıqları daxildir. Qiymətləndirmə məqsədləri:

  • satış və ya icarə dəyərinin müəyyən edilməsi;
  • girov dəyərinin təyini (bank krediti üçün);
  • vergi və sığorta hesablamaları.
  1. Daşınar əmlak və avadanlığın qiymətləndirilməsi

Bura istehsal avadanlıqları, nəqliyyat vasitələri, kompüter texnikası, mebel və digər maddi aktivlər daxildir. İstifadə olunur:

  • şirkət aktivlərinin uçotu;
  • sığorta müqavilələri;
  • əmlakın amortizasiya hesablamaları.

Əmlak və avadanlıq qiymətləndirməsində dəqiqlik vacibdir.
Accounting.az MMC müştəri yönümlü yanaşma və bazar təhlili ilə obyektiv qiymət təqdim edir.

İndi sifariş edin

  1. Maliyyə aktivlərinin qiymətləndirilməsi

Səhmlər, istiqrazlar, bank depozitləri, fond portfelləri və digər maliyyə alətləri bu kateqoriyaya daxildir. Xüsusilə investisiya şirkətləri, banklar və audit firmaları bu xidmətə üstünlük verir.

  1. Biznesin (şirkətin) dəyərinin qiymətləndirilməsi

Bu xidmət şirkətin bütövlükdə dəyərini müəyyən etmək üçün aparılır. İstifadə olunur:

  • birgə müəssisələrin yaradılması;
  • satınalma və birləşmələr;
  • investisiya cəlbi.

Qiymətləndirmədə şirkətin gəlirliliyi, bazar payı, brend dəyəri və borc öhdəlikləri əsas amillər kimi nəzərə alınır.

  1. İntellektual mülkiyyətin və qeyri-maddi aktivlərin qiymətləndirilməsi

Patentlər, müəllif hüquqları, brend adı, ticarət nişanları və digər qeyri-maddi aktivlər bu qrupa daxildir. Xüsusilə texnoloji və yaradıcı sahələrdə əhəmiyyətlidir.

  1. Məhkəmə və arbitraj üçün qiymətləndirmə

Bu xidmətlər tərəflər arasında mübahisələrin (mülki, ailə, vergi, kommersiya) həllində sübut kimi təqdim edilə bilən qiymətləndirmə rəyi hazırlamaq məqsədilə istifadə olunur.

  1. İflas və ləğv proseslərində qiymətləndirmə

Əmlakın real bazar dəyərinin müəyyən edilməsi yolu ilə borcların ödənilməsi ardıcıllığı, kreditorların təmin olunması və aktivlərin ədalətli bölüşdürülməsi həyata keçirilir.

Bu növlərdən hər biri özünəməxsus hüquqi əsaslara söykənir, metodologiya və yanaşma tələb edir və xidmətin məqsədindən asılı olaraq fərqli metodlar tətbiq oluna bilər.

Qiymətləndirmə metodları və yanaşmalar

Qiymətləndirmə xidmətləri aşağıdakı əsas metodologiyalar əsasında həyata keçirilir:

  • gəlir yanaşması – aktivin gələcəkdə gətirəcəyi gəlirin indiki dəyərinə əsaslanır;
  • bazar yanaşması – bənzər aktivlərin bazarda formalaşmış dəyərləri müqayisə olunur;
  • xərc yanaşması – aktivin yenidən yaradılması üçün tələb olunan xərclər nəzərə alınır;
  • kombinə edilmiş yanaşmalar – kompleks hallarda bir neçə metodun birgə tətbiqi.

Metod seçimi qiymətləndirmənin məqsədindən və obyektin xüsusiyyətlərindən asılıdır.

Qiymətləndirmə xidmətlərində şəffaflıq və peşəkar məsuliyyət

Qiymətləndirmə fəaliyyətində şəffaflıq və obyektivlik əsas meyarlardandır. Peşəkar qiymətləndiricilər etik davranış kodeksinə riayət etməli, müştərinin və üçüncü tərəflərin maraqlarını qorumalıdır. Qiymətləndirmə hesabatları dəqiq, əsaslandırılmış və standartlara uyğun hazırlanmalıdır. Bundan əlavə, qiymətləndirici tərəfindən təqdim olunan rəylər hüquqi və vergi orqanlarında qəbul olunan sənədlər sırasında yer almaqdadır. Məlumatların məxfiliyinə və qərəzsizliyə riayət olunması da vacib şərtlərdəndir.

Tövsiyələr

Qiymətləndirmə xidmətləri müasir iqtisadi münasibətlərdə şəffaf qərarların qəbuluna, risklərin idarə olunmasına və investisiya mühitinin sağlamlaşdırılmasına xidmət edir. Bu sahədə peşəkar və lisenziyalı mütəxəssislərlə işləmək, hüquqi əsaslara söykənən xidmətlər sifariş etmək müştəri üçün hüquqi və maliyyə baxımından daha əlverişlidir. Accounting.az saytında bu sahədə ixtisaslaşmış xidmətlər və faydalı məqalələr ilə tanış ola bilərsiniz. Qiymətləndirmə xidmətlərinə ehtiyacınız olduqda, onun müxtəlif növlərini seçmək zərurəti yarandıqda etibarlı və təcrübəli qiymətləndirici ilə əməkdaşlıq etməniz tövsiyə olunur.

Qiymətləndirmə xidmətində peşəkar dəstək vacibdir.
Accounting.az MMC — əmlak, avadanlıq və biznes dəyərləndirməsində etibarlı tərəfdaşınız.

İndi sifariş edin

whatsapp