MMC-nin direktorunun dəyişdirilməsi: sənədlər, müraciət, qeydiyyat

mmc-nin direktorunun dəyişdirilməsi, məhdud məsuliyyətli cəmiyyətin direktorunun dəyişdirilməsi, direktorun dəyişdirilməsi,
Ekspert yazıları

Cəmil Əsədov – Zərdab Peşə Liseyinin müəllimi

MMC-nin təkbaşına icra orqanı 

Məhdud məsuliyyətli cəmiyyətin (MMC) direktoru onun adından çıxış edən və onun maraqlarını təmsil edən təkbaşına icra orqanıdır. Onun haqqında məlumatlar dövlət reyestrinə daxil edilir və hər sövdələşmə bağlanarkən tərəflər onu imzalayan şəxsin səlahiyyətlərini yoxlamalıdır. MMC-nin direktorunun dəyişdirilməsi zamanı dövlət reyestrində məlumat dəyişikliyi aparmaq məqsədi ilə Dövlət Vergi Xidmətinin müvafiq qurumlarına məlumat verilməlidir.

Təkbaşına rəhbər və MMC arasında müqavilə, onun təyin olunması haqqında qərar verən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxslə (yaxud müvəkkil edilmiş şəxs) təkbaşına rəhbər (direktor) tərəfindən imzalanır. Cəmiyyət bir təsisçi tərəfindən yaradıldıqda direktorla müqaviləni həmin təsisçi imzalayır. Direktorun səlahiyyətləri fiziki şəxs tərəfindən həyata keçirilir, amma nizamnamədə nəzərdə tutulduğu halda icra orqanının səlahiyyətləri kənar idarəçiyə – fiziki yaxud hüquqi şəxsə verilə bilər.

Məhdud məsuliyyətli cəmiyyətin icra orqanı (o cümlədən, təkbaşına icra orqanı), onun seçilməsi yaxud təyin olunması, habelə səlahiyyət və öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91-2 maddəsi ilə müəyyən edilib. Bu qaydalar MMC-nin direktorunun dəyişdirilməsi zamanı da tətbiq edilir.

Təkbaşına rəhbər direktorlar şurasının (müşahidə şurasının) üzvü, habelə təftiş komissiyasına üzv seçilə (müfəttiş təyin edilə) bilməz.

MMC-nin direktorunun dəyişdirilməsi səbəbləri

Bir tərəfdən, direktor işçilər üçün işəgötürəndir, digər tərəfdən isə onu işə götürən məhdud məsuliyyətli cəmiyyətin iqtisadi uğuru üçün məsuliyyət daşıyan muzdlu işçidir. Digər işçilərlə olduğu kimi onunla əmək münasibətlərinin xüsusiyyətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

MMC-nin direktorunun dəyişdirilməsi səbəbləri müxtəlif ola bilər, məsələn:

  • əvvəlki direktorun istəyi;
  • əmək müqaviləsinin müddətinin bitməsi;
  • tərəflərin qarşılıqlı razılığı;
  • cəmiyyətin iştirakçılarının təşəbbüsü ilə;
  • mülkiyyətçilərin dəyişməsi;
  • digər səbəblər.

Onu da qeyd edək ki, hüquqi şəxsin yeganə təsisçisi həm də direktor vəzifəsində çalışdıqda əmək müqaviləsi bağlanmır.

Direktor necə dəyişdirilir?

MMC-nin direktorunun dəyişdirməsi proses aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

  • ümumi iclasın çağırdılması, müvafiq sənədlərin hazırlanması;
  • əvvəlki direktorla bağlanmış əmək müqaviləsinə xitam verilməsi;
  • yeni direktorun işə qəbulu;
  • məlumat dəyişikliyinin dövlət reyestrinə daxil edilməsi üçün müraciət;
  • dəyişiklik haqqında banka məlumat verilməsi.

MMC-nin direktorunun dəyişdirilməsi haqqında kontragentlərin, kreditorların məlumatlandırılması da tövsiyə olunur. Ən azından daimi əməkdaşlıq edilən yaxud nisbətən böyük həcmli əməliyyatlar aparılan şirkətlərə münasibətdə bunu etmək lazımdır. Qarşı tərəflərlə müqavilələri yeniləməyə ehtiyac yoxdur.

Sənədlərin hazırlanması

MMC-nin direktorunun dəyişdirilməsi üçün cəmiyyət iştirakçılarının ümumi iclası çağırılır. Gündəliyə aşağıdakı məsələlər daxil edilir:

  • direktorun səlahiyyətlərinə xitam verilməsi, onunla əmək müqaviləsinin ləğvi;
  • yeni direktorun seçilməsi, onunla əmək müqaviləsinin bağlanması.

İclasın səlahiyyətli sayılması üçün cəmiyyət iştirakçılarının cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıların iştirakı vacibdir.

İclasda əvvəlki direktorunun vəzifədən azad olunması və yeni direktorun təyin olunması barədə qərarlar qəbul edilir və iclasın protokolu ilə rəsmiləşdirilir.

Əgər şirkətin bir təsisçisi varsa, qərarlar onun tərəfindən hazırlanıb imzalanır.

Bir iştirakçısı olan məhdud məsuliyyətli cəmiyyətin təsisçisinin və MMC-nin direktorunun eyni vaxtda dəyişdirilməsi alqı-satqı müqaviləsi ilə mümkündür.

Direktorun işdən çıxarılması, yeni menecerin işə qəbul

Əmək müqaviləsinə xitam verilməsi MMC-nin direktorunun dəyişdirilməsi prosesində növbəti addımdır. Bunun üçün:

  • işdən çıxarılma əmri hazırlamaq;
  • şəxsi uçot vərəqində qeydlər aparmaq;
  • ona əməkhaqqı, məzuniyyətə görə kompensasiya, digər ödənilməli məbləğləri ödəmək.

Əmək müqaviləsinə xitam verməzdən əvvəl maddi qiymətlilərin siyahısını, habelə işlərin təhvil-təslim aktını hazırlamaq lazımdır.

Yeni direktoru işə götürməzdən əvvəl namizəd haqqında müəyyən məlumatların toplanması tövsiyə olunur, məsələn:

Yeni direktorla əmək müqaviləsi bağlayan zaman ”iki hakimiyyətliliyə” yol verməmək üçün işə qəbul və əvvəlki direktorun işdən azad olunması tarixinin eyni olmasına diqqət etmək lazımdır.

Qeyd edək ki, MMC-nin direktorunun dəyişdirilməsi zamanı əmək müqavilələrinin rəsmiləşdirilməsi e-sosial – vahid sosial reyestr vasitəsi ilə aparılır.

Aşağıdakı sənədlər yeni təyin edilmiş direktora verilir:

  • MMC-nin direktorun dəyişdirilməsi ilə bağlı qərarın əsli;
  • cəmiyyətin nizamnaməsi;
  • VÖEN, statistika kodu, şirkətdə aparılmış dəyişikliklər haqqında bütün qeydlər.

Məlumat dəyişikliyi barədə DVX-nə müraciət

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən hüquqi şəxslər üzrə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq DVX orqanlarına ərizə ilə müraciət edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli, həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

MMC-nin direktorunun dəyişdirilməsi zamanı dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə cəmiyyətin əvvəlki direktorunun vəzifədən azad olunması, yeni qanuni direktorun təyin olunması barədə qərarlar (qərar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilir.

Banka müraciət

Vergi orqanında dəyişiklik qeydiyyata alındıqdan sonra bu barədə cəmiyyətə xidmət edən banka məlumat vermək vacibdir. Əks təqdirdə yeni direktor şirkət adından maliyyə məsələlərini həll edə bilməyəcək. MMC-nin direktorunun dəyişdirilməsini haqqında təqdim ediləcək sənədlərin siyahısını bankla dəqiqləşdirmək yaxşı olar. Amma, bir qayda olaraq, bu sənədlər hazırlanır:

  • dəyişiklik haqqında qərar yaxud protokol;
  • direktorun təyin edilməsi haqqında əmr
  • hüquqi şəxslərin vahid dövlət reyestrindən çıxarış
  • imza və möhür nümunəsi vərəqi.

Ümumiyyətlə, MMC-də direktorun dəyişdirilməsi müəyyən qaydalar və müddətlərə riayət etməyi tələb edən məsuliyyətli bir prosesdir. Onu vaxtında, qaydalara əməl etməklə icra etmək üçün kənar mütəxəssislərin də köməyindən yararlanmaq olar.

whatsapp