Azərbaycanda konsaltinq xidmətləri: mühasibat konsaltinqi nədir?

Dünyada və Azərbaycanda konsaltinq xidmətləri. Mühasibat konsaltinqi və autsorsinq. Salman Əbdülrzazadənin təqdimatında
Ekspert yazıları

Azərbaycanda konsaltinq xidmətləri necə inkişaf edir? Mühasibat konsaltinqi nələri əhatə edir?

Accounting.az şirkətinin əməkdaşı Salman Əbdülrzazadənin aşağıda sizə təqdim edilən məqaləsində bu və digər suallara cavab tapmaq olar.

Konsaltinq xidməti nədir?

Konsaltinq, belə adlandırılmasa da, həmişə mövcud olub, insanın iqtisadi fəaliyyətinin bütün mərhələlərində mövcudluğu şübhəsizdir. Belə desək, konsaltinq xidməti, ehtimal ki, digər, az hörmətli peşələrlə yanaşı, dünyanın ən qədim xidmətlərindən biridir. Bu şişirtmə deyil, çünki müxtəlif sahələrdə fəaliyyətin gələcəyi məhz ondan asılıdır. Amma bu qədimliyi “mühasibat konsaltinqi” anlayışına aid etmək bir az şübhəlidir, baxmayaraq ki, mühasibat uçotunun tarixi inkişafının, primitiv formada olsa da, bizim eramızdan əvvəl başlanması haqqında faktlar mövcuddur.

Azərbaycanda konsaltinq xidmətləri haqqında danışmazdan öncə, qısa, məqalənin həcmi imkan verdiyi qədər, onun mahiyyətini şərh edək.

Mahiyyətcə konsaltinq müxtəlif fəaliyyət sahəsində (idarəetmə, maliyyə, hüquq və sair) məsləhət xidmətinin göstərilməsidi. Sözün mənşəyi də belədir, ingilis dilindən “consulting” “məsləhət vermə” kimi tərcümə olunur. Məsləhət vermək, məsləhətçilik insan həyatının müxtəlif sahələrində intellektual yardımın göstərilməsidir, bu anlamda mühasibat konsaltinqi də istisna deyil.

Məhz bu səbəbdən biz, “gündəlik təcrübədə müstəqil məsləhətlərin verilməsi forması kimi konsaltinq xidməti bəşəriyyətin özü qədər mövcud olmuşdur” ifadəsini əminliklə işlədə bilirik.

Dünyada və Azərbaycanda konsaltinq xidmətləri bazarı

Biz məsləhət xidməti kimi onun tarixinin qədim olduğunu desək də, müasir formada konsaltinqin yaşı o qədər də çox deyil. Tarixən ilk peşəkar məsləhət xidməti hüquq fəaliyyətinə aid idi. Artıq bir neçə yüz ildir ki, sahibkarlar notarius və vəkillərin (hüquq xidmətləri) məsləhətlərindən istifadə edirlər.

XIX əsir sonlarında iqtisadiyyatın inkişafı yeni peşəkar xidmət sahəsini – idarəetmə konsaltinqini formalaşdırdı.

Amerika Birləşmiş Ştatlarında açılan “Biznes Araşdırmaları Xidməti” ilk rəsmi konsaltinq xidməti hesab olunur. Sonradan bu xidmət Avropa ölkələrinə yayıldı.

Azərbaycanda konsaltinq xidmətləri bazarı, müasir anlamda, XX əsrin sonu – XXI əsrin əvvəlindən formalaşmağa bağladı. Buna səbəb respublikamız müstəqillik əldə etdikdən sonra yeni iqtisadi münasibətlərin formalaşması oldu. Yeni iqtisadi münasibətlər biznesə yeni baxış tələb edirdi, bunu isə yalnız peşəkarların köməyi ilə etmək olardı. Peşəkarların həmişə çatışmadığın nəzərə alsaq, ayrı-ayrı fərdlərin peşəkar məsləhətinə, həmin peşəkarları ətrafında birləşdirib konsaltinq xidməti təklif edən şirkətlərə ehtiyac yarandı. Həmin dövrdə hüquq və vergi xidmətləri kimi məsləhət xidmət növləri populyarlıq zirvəsində idi. Vergi və mühasibat uçotunun qarşılıqlı əlaqəsini nəzərə alsaq, bu da öz növbəsində mühasibat konsaltinqinin inkişafına təkan verdi.

Mövcud zərurətə baxmayaraq ilkin mərhələdə Azərbaycanda konsaltinq xidmətləri elə də geniş yayılmamışdı. Çünki:

  • tələbatın çox olduğu sahələrdə (marketinq, menecment, maliyyə idarəçiliyi) peşəkar məsləhətçilərin sayı az idi; həm də,
  • mentalitet mane olurdu, biz çox vaxt məsləhətə görə pul ödəmək istəmirik, intellektual səriştənin, peşəkarlığın əmtəə kimi satıla biləcəyini qəbul edə bilmirdik.

Lakin zaman öz sözünü deyir: rəqabət artırdı və Azərbaycanda konsaltinq xidmətləri populyarlaşırdı. Hazırda respublikamızda fəaliyyət göstərən yerli və xarici sahibkarlar belə xidmətlər təklif edən şirkətlərinin müştəriləridir. Onları hüquq, vergi, mühasibat konsaltinqi daha çox maraqlandırır.

Konsaltinq şirkətləri

Sahibkarların həmişə müxtəlif sahələr üzrə fərdi məsləhətçiyə ehtiyacı olur. Məsləhət üçün peşəkarları öz ətrafında birləşdirən firmalara da müraciət etmək olar. Belə firmalar müxtəlif sahələr üzrə konsaltinq xidməti təklif edirlər, məsələn:

  • bazarın tədqiqi və proqnozlaşdırılması;
  • maliyyə və uçot, o cümlədən vergi və mühasibat konsaltinqi;
  • qiymətin formalaşması;
  • texniki-iqtisadi əsaslandırmalar və sair.

Azərbaycanda konsaltinq xidmətləri bazarında qiymətlər digər ölkələrə nisbətən aşağıdır. Həmçinin şirkətlərinin təklif etdiyi xidmətlər nadir halda bir istiqamətlidir. Həmin şirkətlər öz gəlirliyini təmin etmək, daha çox müştəri cəlb etmək üçün başqa fəaliyyət növləri ilə də məşğul olurlar, məsələn:

  • biznesin planlaşdırılması;
  • maliyyə auditi;
  • mühasibat uçotunun aparılamsı;
  • kursların təşkili və sair.

Əgər sizə peşəkar məsləhətçi lazımdırsa peşəkar konsaltinq xidmətləri sifariş edin!

Bu gün Azərbaycanda konsaltinq xidmətləri təklif edən şirkətləri bir neçə qrupa bölmək olar:

  • yalnız konsaltinq xidməti ilə məşğul olanlar;
  • konsaltinq və auditlə məşğul olanlar;
  • konsaltinq və elmi idarəetmə ilə məşğul olanlar.

Mühasibat konsaltinqi nədir?

Mühasibat konsaltinqi şirkətlərdə vergi və mühasibat uçotu ilə bağlı yaranan problemlərinin həlli üçün kənar mütəxəssislər tərəfindən həyata keçirilən peşəkar məsləhət xidmətidir. Konsaltinq xidmətini autsorsinqlə qarışdırmayaq.

Mühasibat uçotu və vergi qanunvericiliyində daim dəyişikliklərə məruz qalır. Bəzən təcrübəli mühasib üçün də qanundakı dəyişikliyi izləmək çətin olur, fərdi sahibkar yaxud  hesabatlığı öz aparmağa meylli olan kiçik sahibkarlıq subyektinin rəhbərinə isə bu daha çətindir. Bundan başqa respublikamızda bir sıra xarici şirkətlər də fəaliyyət göstərir ki, onların qanunvericiliklə bağlı sualları olur. Belə hallarda Azərbaycanda konsaltinq xidmətləri təklif edən kənar mütəxəssislər köməyə gəlir.

Belə hallarda şirkətlərin öz mühasibatlığı olur, amma əməkdaşların səriştəsi həmin vəziyyətlərdən çıxmağa kifayət etmir. Mühasibat konsaltinqi həlli çətin və mübahisəli vəziyyətlərdə kənar mütəxəssislərin məsləhət dəstəyidir.

Mühasibat uçotunun autsorsinqi uçot və hesabatlarının hazırlanması üzrə işlərin tam yaxud qismən kənar peşəkarlara verilməsidir. Belə peşəkarlar fərdi qaydada fəaliyyət göstərə bilər, yaxud ixtisaslaşmış şirkətin əməkdaşları da ola bilər.

Accounting.Az Azərbaycanda konsaltinq xidmətləri bazarının təcrübəli iştirakçısıdır. O, beynəlxalq “PrimeGlobal” Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasına üzv olan ilk Azərbaycan şirkətidir.

Şirkətə müraciət etmək üçün “Əlaqə” səhifəsinə keçid alın, sizin üçün rahat olan vasitələrdən birini seçib müraciət edin!

whatsapp