Accounting.Az Visa ilə tərəfdaşlıq çərçivəsində Premium Bank əməkdaşları üçün keçirilən satış marafonunda təcrübəsini bölüşüb

Yeniliklər

25 oktyabr 2026-cı il tarixində Visa ilə əməkdaşlıq çərçivəsində Premium Bank əməkdaşları üçün biznes kartlarının istifadəsinə dair satış marafonu təşkil olunub.

Marafonda Visa-nın Azərbaycanda mühasibat və vergi məsləhətçiliyi üzrə tərəfdaşı olan Accounting.Az şirkətinin idarəedici tərəfdaşı Ramin Ramazanov çıxış edib.

Təqdimat zamanı biznes kartlarının şirkətlərin gündəlik maliyyə fəaliyyətində rolu, ödəniş proseslərinin sadələşdirilməsi və xərclərin daha səmərəli idarə olunması məsələləri diqqət mərkəzində olub.

Ramin Ramazanov Accounting.Az-ın müştərilərlə iş təcrübəsindən nümunələr paylaşaraq biznes kartlarının sahibkarlar üçün yaratdığı praktiki imkanları izah edib.

Xüsusilə qeyri-iş günlərində nağd vəsaitə çıxış, gömrük ödənişlərinin vaxtında həyata keçirilməsi, təcili ehtiyat hissələri və avadanlıqların alınması, əməkdaşların işgüzar xərclərinin ödənilməsi, eləcə də beynəlxalq reklam platformalarına ödənişlərin aparılması kimi mövzulara toxunulub.

Marafonun əsas istiqamətlərindən biri biznes kartları ilə aparılan əməliyyatların mühasibat və vergi uçotunda düzgün əks etdirilməsi olub.

Bildirilib ki, biznes kartları ilə ödənişlərin həyata keçirilməsi şirkətlərin gündəlik fəaliyyətini asanlaşdırsa da, bu əməliyyatların müvafiq qaydada sənədləşdirilməsi vacibdir. Xərclərin vergi uçotunda tanınması üçün onların iqtisadi mahiyyəti və təsdiqedici sənədləri nəzərə alınmalıdır.

Təqdimatda banklarla mühasiblər arasında əməkdaşlığın əhəmiyyətinə də diqqət yetirilib. Qeyd olunub ki, mühasiblər müəssisələrin gündəlik maliyyə əməliyyatlarında mühüm rol oynayırlar. Bu baxımdan bankların mühasibat mütəxəssisləri ilə daha sıx əməkdaşlıq etməsi biznes kartlarından düzgün və səmərəli istifadəyə töhfə verə bilər.

Marafon çərçivəsində paylaşılan praktiki nümunələr biznes kartlarının yalnız ödəniş vasitəsi kimi deyil, həm də şirkətlərin gündəlik maliyyə proseslərini asanlaşdıran alət kimi əhəmiyyətini göstərib.

Accounting.Az Visa ilə tərəfdaşlığı çərçivəsində bank sektoru ilə təcrübə mübadiləsini davam etdirir. Şirkət biznes kartlarının düzgün istifadəsi, mühasibat və vergi məsələləri üzrə praktiki biliklərin paylaşılmasına xüsusi diqqət ayırır.



whatsapp
error: Content is protected !!