Azərbaycanda vergi yoxlamaları: qaydalar, növləri, biznes üçün əhəmiyyəti

vergi yoxlamaları, səyyar vergi yoxlaması
Ümumi

Azərbaycanda vergi yoxlamaları vergi ödəyicilərinin qanunvericiliyə uyğun fəaliyyətini təmin etmək məqsədilə aparılır. Bu məqalədə vergi yoxlamalarının hüquqi əsasları, kameral və səyyar vergi yoxlaması, onların keçirilmə qaydaları və sahibkarlar üçün əhəmiyyəti haqqında ətraflı məlumat veriləcək.

Vergi yoxlamalarının hüquqi əsasları

Vergi yoxlamaları vergi orqanlarının səlahiyyətləri çərçivəsində həyata keçirilir və onların bu hüququ  Vergi Məcəlləsinin 23-cü maddəsində təsbit olunub.

Vergi oranı maliyyə institutlarında vergi monitorinqi apara bilər. Monitorinqin aparılmasında məqsəd  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin etməkdir (VM, maddə 36.6).

Yoxlamaların keçirilməsi  Vergi Məcəlləsi ilə yanaşı Dövlət Vergi Xidməti haqqında Əsasnamə və digər normativ hüquqi aktlarla tənzimlənir. Digər normativ hüquqi aktlara nümunə kimi bunları göstərə bilərik:

  • “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”;
  • “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”;
  • “Elektron auditin keçirilməsi Qaydaları” və sair.

Məcəllənin 36.7-ci maddəsində vergi ödəyicilərinin vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ təsbit olunub.

Vergi yoxlamalarının növləri

Azərbaycanda vergi yoxlamaları əsasən iki əsas kateqoriyaya bölünür (VM, maddə 36.1):

  • kameral vergi yoxlaması;
  • səyyar vergi yoxlaması.

Kameral vergi yoxlaması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrin, vergi orqanında olan digər sənədlərin və mənbəyi məlum olan digər məlumatların əsasında vergi orqanı tərəfindən yerlərə getmədən aparılır. Vergi orqanları təqdim olunmuş məlumatları təhlil edərək, hər hansı bir uyğunsuzluq aşkar edildikdə əlavə açıqlama tələb edə bilər.

Vergi orqanları səyyar yoxlamaları vergi ödəyicisinin təsərrüfat fəaliyyətini yerində araşdırmaq üçün aparır, maliyyə və mühasibat uçotunu, vergi hesabatlarını, əməliyyatlarını və digər sənədlərini yoxlayır.

Səyyar vergi yoxlamasının, o cümlədən elektron auditin həyata keçirilməsi üçün vergi orqanının qərarı olmalıdır. Yoxlama növbəti və növbədənkənar keçirilə bilər.

 

Biznesiniz üçün faydalı vergi xidmətləri burada!

Növbəti səyyar vergi yoxlaması

Vergi yoxlamalarının bu növü təqvim ili ərzində bir dəfədən çox olmamaqla keçirilir. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl vergi ödəyicisinə yazılı bildiriş göndərilir. Bildirişdə aşağıdakı məlumatlar öz əksini tapır:

  • vergi yoxlamasının əsası;
  • yoxlamanın başlama tarixi;
  • yoxlamanın müddəti;
  • səyyar vergi yoxlamasının əhatə etdiyi dövr.

Bildirişdə həmçinin vergi ödəyicisinin, habelə vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Vergi yoxlamalarının aparılması haqqında sənədi almaqdan imtina onun ləğvi üçün əsas deyil.

Növbədənkənar səyyar vergi yoxlaması

Növbədənkənar səyyar vergi yoxlamasının keçirildiyi hallar Məcəllənin 38.3 maddəsində qeyd olunub. Belə hallara aşağıdakı nümunələri göstərmək olar:

  1. Vergi ödəyicisinin könüllü müraciəti əsasında, məsələn:
    1. vergi ödəyicisi olan hüquqi şəxsin ləğvi, yenidən təşkili yaxud fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti;
    2. vergi yoxlamalarının nəticəsi ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsin yazılı şəkildə tələb etdikdə, yaxud əsaslandırılmış sənədlərlə yuxarı vergi orqanına şikayət etdikdə (VM, maddə 38.3.9);
  2. Məhkəmə və hüquq-mühafizə orqanlarının təqdimatı əsasında vergi yoxlamalarının aparılması;
  3. Vergi orqanlarının qərarı əsasında, məsələn;
  4. a) qanunsuz hərəkətlər yaxud vergidən yayınma halları ilə bağlı dəqiq məlumat olduqda;
  5. b) vergi qanunvericiliyinin pozulması ilə bağlı konkret faktlar müəyyən edilərsə yaxud vergi öhdəliklərinin yerinə yetirilməsində şübhələr yarandıqda.
  6. Vergi nəzarət tədbirləri nəticəsində ciddi pozuntular aşkar edilərsə, məsələn, operativ vergi nəzarəti zamanı, habelə uçotu məlumatlarının təhlili prosesində vergi hüquq pozuntularına dair ciddi əsaslar olduqda;
  7. vergi qanunvericiliyinin digər tələblərinə uyğun hallarda, məsələn, beynəlxalq vergi əməkdaşlığı çərçivəsində səyyar vergi yoxlamasına zərurət yarandıqda.

Səyyar vergi yoxlamasının mərhələləri

Vergi yoxlamalarının aparılması Vergi Məcəlləsi və Dövlət Vergi Xidmətinin tələblərinə uyğun həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir:

  1. Yoxlama qərarının qəbul edilməsi və sahibkara bildiriş göndərilməsi
  2. Sənədlər üzrə uyğun vergi yoxlamalarının aparılması
  3. İlkin nəticələrin təqdim edilməsi və izahatların alınması
  4. Yekun aktın tərtib edilməsi və qərarın çıxarılması

Yoxlama nəticəsində vergi borcu müəyyən edilərsə, sahibkar ya borcu ödəməli, ya da məhkəmə qaydasında etiraz etməlidir.

Vergi orqanları vergi  yoxlamaların qanunun tələbləri çərçivəsində keçirilməyə məsuldur və sahibkarların hüquqlarının qorunmasına onun vəzifəsidir.

 

Yoxlama gözləyirsiniz? Vergi yoxlamasına hazırlıq xidməti sizin üçündür!

Səyyar vergi yoxlamasının müddəti

Vergi Məcəlləsinə əsasən (maddə 38.2) səyyar vergi yoxlaması 30  iş günündən  çox olmamaq şərtilə həyata keçirilir, xüsusi hallarda, bu müddət 90 iş gününə qədər uzadıla bilər. Uzadılma yuxarı vergi orqanının qərarına müvafiq həyata keçirilir.

Vergi yoxlaması üzrə aktın hazırlanma müddəti yuxarı vergi orqanının qərarı əsasında aşağıdakı hallarda 30 iş günündən çox olmayan müddətə uzadıla bilər :

  • tələb olunan sənədlərin və məlumatların gec təqdim edilməsi, vergi ödəyicisinin yoxlamaya mane olması;
  • vergi orqanlarının əlavə araşdırmalara, dəqiqləşdirmə və ekspertiza aparılmasına ehtiyacı olduqda;
  • məhkəmə və ya digər dövlət orqanlarının araşdırmaları ilə bağlı ləngimələri və sair.

Aktın tərtibinin uzadılması Məcəllənin 38.2 maddəsinin 3-cü abzasına uyğun tənzimlənir.

Kameral vergi yoxlamasının xüsusiyyətləri

Kameral vergi yoxlaması Azərbaycan Respublikasında vergi orqanları tərəfindən aparılan əsas vergi yoxlamalarından biridir. Səyyar vergi yoxlamasından fərqli olaraq bu yoxlama, vergi ödəyicisinin fəaliyyət yerində deyil, vergi orqanlarının ofisində, təqdim olunan məlumatlar əsasında aparılır. Yəni, vergi orqanları vergi ödəyicisinin təqdim etdiyi bəyannamə və digər hesabat sənədlərini analiz edərək, onların qanunvericiliyə uyğunluğunu qiymətləndirir.

 Vergi yoxlamalarının bu növünün aşağıdakı əsas xüsusiyyətləri var:

  • müəssisəyə və ya sahibkara səfər olunmur, yoxlama yalnız vergi orqanlarının sistemində həyata keçirilir.
  • təqdim olunmuş bəyannamələrin təhlili əsasında aparılır – yəni sahibkarın verdiyi vergi hesabatlarında uyğunsuzluq olub-olmaması yoxlanılır.
  • avtomatlaşdırılmış yoxlama – əksər hallarda vergi orqanlarının informasiya sistemləri vasitəsilə avtomatik şəkildə həyata keçirilir.
  • sürətli proses – səyyar vergi yoxlaması ilə müqayisədə, adətən, uzun çəkmir, sahibkar üçün əlavə çətinlik yaratmır.

Vergi yoxlamalarının biznes üçün əhəmiyyəti

Kameral vergi yoxlamasının sahibkarlar üçün əhəmiyyəti:

  • daha az inzibati yük – kameral yoxlama səyyar yoxlamadan fərqli olaraq, sahibkar üçün əlavə sənəd təqdim etmək və ya uzun prosedurlarla məşğul olmaq zərurəti yaratmır;
  • müəssisənin fəaliyyətinə mane olmur – müəssisənin işinin dayanmasına və ya əməkdaşların işinə müdaxilə olunmur;
  • sürətli və effektiv nəzarət mexanizmi – vergi orqanları qısa müddətdə vergi hesabatlarının düzgünlüyünü yoxlaya bilir;
  • vergi şəffaflığını artırır – sahibkarlar düzgün və şəffaf uçot aparmağa təşviq olunur.

Səyyar vergi yoxlaması sahibkarların maliyyə uçotunun düzgün aparılmasını təmin edir, habelə sahibkarlıq subyektlərinin şəffaf fəaliyyət göstərməsinə kömək edir. Belə vergi yoxlamaları vergidən yayınmanın qarşısını alır, dövlət büdcəsinə vergi daxilolmalarını artırır.

whatsapp