Fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikasında vergi rezidentliyi

Ümumi

Vətəndaşlıq və vergi rezidentliyi

Heç də hamı bilmir ki, bir ölkənin vətəndaşı olmaq, həmin ölkənin vergi rezidenti olmaqla eyni deyil. Siz Azərbaycan vətəndaşı olmaya bilərsiniz, amma bu heç də sizin Azərbaycanda vergi rezident olmağınıza mane olmur. Azərbaycan Respublikasında vergi rezidentliyi bir sıra şərtlər daxilində müəyyən edilir.

Vətəndaşlıq hüquqi statusdur, doğum, nəsil yaxud naturalizasiya yolu ilə verilə bilir, bir qayda olaraq, insan və ölkə arasında əlaqəni xarakterizə edir. Vergi rezidenti statusu şəxsin (fiziki yaxud hüquqi) ölkənin vergi sisteminə aid olub-olmamasın müəyyən edir. Vergilərin hansı dərəcə ilə hesablanması şəxsin vergi ödəyicisi kimi aid olduğu ölkənin daxili qanunvericiliyinə görə müəyyən olunur. Azərbaycanlı başqa ölkədə, əcnəbi isə Azərbaycanda vergi rezidenti ola bilər.

Adətən ömür boyu davam edən vətəndaşlığı itirmək çətindir, amma hər hansı ölkədə, o cümlədən Azərbaycan Respublikasında vergi rezidentliyini itirmək elə də çətin deyil.

Ölkənin vətəndaşı olmaq insana müəyyən hüquqlar verir, məsələn:

  • mülk sahibi olmaq;
  • sosial xidmətlərdən istifadə etmək;
  • pasport almaq üçün müraciət etmək və sair bu kimi hüquqlar.

Amma, bu, heç də onun vətəndaşı olduğu ölkədə yaşamaq və işləmək öhdəliyinin olması demək deyil. Məsələn, insanın Azərbaycan vətəndaşı olması, onun Türkiyədə yaxud Rusiyada işləməsi üçün maneə deyil.

Rezidentlik statusunun sahibinin hüquqları, bir qayda olaraq, onların ölkədə fiziki mövcudluğundan asılıdır. Vergi rezidentliyi (“fiksal yaşayış yeri”, “fiksal rezidentlik”) ölkəsi, şəxsin, adətən “dünya üzrə gəlir” prinsipi əsasında vergi ödəməli olduğu ölkədir.

Hüquqi çərçivə

Vergi Məcəlləsinin 13.2.5-ci maddəsi Azərbaycan Respublikasında vergi rezidentliyinin şərtlərini izah edir.  Fiziki şəxslər üçün rezidentlik statusu Məcəllənin 13.2.5.1 maddəsində, hüquqi şəxslər üçün isə 13.2.5.3-cü maddəsində şərh olunub.

Bundan başqa VM-də “Sənaye parkının rezidenti” və “Texnologiyalar parkının rezidenti” anlayışlarından istifadə edilir ki, onların da tərifi uyğun olaraq 13.2.52 və 13.2.53-maddələrdə verilib.

Vergi Məcəlləsinin XIX fəsli işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətlərini şərh edir. Bu fəslin məqsədləri üçün “işğaldan azad edilmiş ərazinin rezidenti” anlayışından istifadə edilib. Onlar işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdir (maddə 226.2).

Yuxarıda qeyd etdiyimiz 13.2.5-ci maddə Azərbaycan Respublikasında vergi rezidentliyini daha geniş mənada şərh edir. 13.2.52, 13.2.53, 226.2 maddələri isə respublika ərazisində konkret ərazidə rezidentliyin tətbiqi qaydalarına həsr olunub.

Qeyd edək ki, fiziki yaxud hüquqi şəxs birdən çox ölkənin vergi rezidenti ola bilər. Bu zaman ikiqat vergitutmanın aradan qaldırılması məqsədi ilə beynəlxalq sazişlərin (DTA) bağlanılması mümkündür. Belə hallarda tənzimləmələr “İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydaları” əsasında aparılır.

Fiziki şəxslərin Azərbaycan Respublikasında vergi rezidentliyi

Azərbaycanda fiziki şəxsin vergi rezidentliyinin müəyyən edilməsi üçün əsas meyar mövcudluq müddətidir. Vergi Məcəlləsinə görə bu meyar aşağıdakı kimi tətbiq olunur:

  1. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olmaq;
  2. təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olmaq.

Əgər a) və b) abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxsin Azərbaycan Respublikasında vergi rezidentliyi ardıcıllıqla aşağıdakı qeyd edilən meyarlar tətbiq edilməklə müəyyən edilir:

  • daimi yaşayış yeri- fiziki şəxsin Azərbaycan ərazisində daimi yaşayış yeri varsa, həmin şəxs vergi rezidenti sayılır;
  • həyati mənafelərinin mərkəzi – fiziki şəxsin əsas şəxsi və iqtisadi maraqları Azərbaycanda cəmləşibsə, bu, onun vergi rezidenti olmasını təsbit edir;
  • adətən yaşadığı yer – yuxarıdakı üç meyarlardan heç biri uyğun gəlmədikdə tətbiq edilir, meyarın tamamlanması üçün müntəzəm olmayan yaşayış yerinin olması (məsələn, fiziki şəxsin Azərbaycanda daşınmaz əmlakı ver, amma orada daimi yaşamır) kifayətdir;
  • Azərbaycan Respublikasının vətəndaşlığı –yuxarıdakı meyarlar kifayət etmədikdə, vətəndaşlıq Azərbaycan Respublikasında vergi rezidentliyinin müəyyən edilməsi üçün əsas hesab edilə bilər.

İkiqat vergitutmanın aradan qaldırılması üçün daxili və xarici qanunvericilik üzrə hər bir xırda detalı bilmək, tələbləri düzgün yerinə yetirmək vacibdir.

Maliyyə itkilərinə yol verməmək üçün peşəkarlara müraciət edin!

Hüquqi şəxsləri vergi rezidentliyi

Hüquqi şəxsin Azərbaycan Respublikasında vergi rezidentliyinin müəyyən edilməsi  üçün iki meyardan biri mövcud olmalıdır. Bunlar aşağıdakılardır:

  1. Azərbaycanda qeydiyyat – hüquqi şəxsin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təsis edilməsi və sahibkarlıq fəaliyyətini həyata keçirməsi;
  2. idarəetmə yerinin Azərbaycanda olması – “hüquqi şəxsin idarəetmə yeri” dedikdə idarəetmənin həyata keçirilməsi üçün zəruri olan kommersiya qərarlarının qəbul olunduğu və gündəlik praktiki idarəetmənin həyata keçirildiyi əsas fəaliyyət yeri başa düşülür; bu zaman əsas nəzarət orqanlarının harada yerləşməsi önəmli deyil.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasında vergi rezidentliyinin düzgün müəyyən edilməsi vergi öhdəliklərinin yerinə yetirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu prosesdə qanunvericilikdə nəzərdə tutulan meyarların dəqiq tətbiqi və beynəlxalq müqavilələrin tələblərinə riayət olunması vacibdir.

Vergi öhdəliklərin bilmək üçün “Vergi konsultasiyası” xidməti sizə kömək edər!

Azərbaycan Respublikasında vergi rezidentliyi Dövlət Vergi Xidmətinin müvafiq orqanları tərəfindən verilən rezidentlik sertifikatı ilə təsdiq edilir.

Vergi rezidentliyi və ikiqat vergitutma

Fiziki və ya hüquqi şəxsin bir-neçə fərqli ölkənin vergi rezidenti hesab edilməsi mümkündür. İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlər (DTA) olmadıqda, bu ikiqat vergitutmaya səbəb ola bilər. Əgər DTA  varsa, onun tətbiqi məqsədləri üçün sazişdə həmin şəxsin hansı ölkənin rezidenti kimi tanınması müəyyən edilir.

Azərbaycan Respublikasında vergi rezidentliyi müəyyən edilmiş şəxslərin ikiqat vergiyə cəlb edilməməsi üçün bir sıra ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq müqavilələr bağlamışdır. Bu müqavilələr:

  • vergi rezidentliyinin müəyyən olunması ilə bağlı qaydaları müəyyən edir;
  • vergi ödəyicisinin yalnız bir ölkədə rezident kimi tanınmasını təmin edir;
  • vergitutma üzrə üstünlük və güzəştlər təqdim edir.

Azərbaycan Respublikasında vergi rezidentliyinin müəyyən edilməsi haqqında yuxarıda qeyd edilənlər ümumi xarakter daşıyır. Hər bir faktiki hal, onun ətraflı analizini tələb edir. Bu zaman peşəkar dəstəyə ehtiyacınız olsa bizimlə əlaqə saxlaya, uyğun xidmətləri sifariş edə bilərsiniz.

 

 

whatsapp