Azərbaycanda filial və nümayəndəliklərin yaradılması (qeydiyyatı) necə aparılır

filial, nümayəndəlik, filial və nümayəndəlik, filial və nümayəndəliklərin yaradılması
Ümumi

Filial və nümayəndəliklər hansı zərurətdən yaradılır?

Şirkətlər iqtisadi fəaliyyətini heç də həmişə bir yerdə həyata keçirmir, fəaliyyət ərazilərini strateji və əməliyyat ehtiyacları səbəbindən genişləndirirlər. Bu da həmin şirkətlərin filial və nümayəndəliklərin yaradılması zərurətini meydana çıxarır. Belə struktur vahidlərinin yaradılması bir sıra amillərlə izah edilə bilər:

  • fəaliyyət sahəsinin genişləndirilməsi;
  • müştəriyə daha yaxın xidmət təminatı;
  • idarəetmənin effektivliyi;
  • hüquqi və vergi güzəştləri;
  • təmsilçilik və nüfuzun gücləndirilməsi;
  • biznesin şaxələndirilməsi;
  • rəqabət üstünlüyü.

Azərbaycanda yerli şirkətlərin filial və nümayəndəliklərinin yaradılması onların fəaliyyətlərini genişləndirir, müştərilərinə daha yaxın olmağa imkan verir, şirkətlərə hüquqi və iqtisadi üstünlüklər verir.  Bu addım, xüsusilə böyüyən və regional təsirini artırmaq istəyən şirkətlər üçün strateji zərurət kimi qiymətləndirilir.

Filial yoxsa nümayəndəlik?

Şirkət, ilk növbədə, açmaq istədiyi struktur vahidinin növünü seçməlidir, çünki filial və nümayəndəliyin hər birinin özünə məxsus vəzifə və funksiyaları var.

Azərbaycanda filial və nümayəndəliklərin yaradılmasının hüquqi əsasları aşağıdakı qanunvericilik aktları ilə tənzimlənir:

Bunlardan birincisi filial və nümayəndəlik anlayışının hüquqi çərçivəsini müəyyən edir, ikincisi isə filial və nümayəndəliklərin yaradılması qaydalarını tənzimləyir. Vergi Məcəlləsi isə vergi uçotu və vergi öhdəlikləri ilə bağlı tələbləri müəyyən edir.

Nümayəndəlik nədir?

Mülki Məcəllənin 53.1 maddəsinə görə  “hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır”, yəni, nümayəndəlik:

  • müstəqil hüquqi şəxs deyil;
  • şirkətin maraqlarını təmsil edir;
  • birbaşa kommersiya fəaliyyətləri ilə məşğul olmur.

Filial nədir?

“Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır” (Mülki Məcəllə, maddə 53”), yəni filial:

  • hüquqi şəxsin ayrılmaz struktur bölməsidir;
  • hüquqi şəxs olmasa da, şirkətin adından müqavilələr bağlayır;
  • hüquqi şəxsin funksiyalarını (kommersiya, nümayəndəlik və sair) tam yaxud qismən həyata keçirir.

Filialın məqsədi, şirkətin fəaliyyət dairəsini genişləndirmək və müəyyən xidmətləri yerində təqdim etməkdir.

Filial və nümayəndəliklərin yaradılması

Azərbaycanda yerli şirkətlər filial və nümayəndəliklərini iki yolla yarada bilər:

  • hüquqi şəxs yaradılarkən (təsis nizamnaməsində qeyd olunur);
  • hüquqi şəxsin sonrakı fəaliyyəti dövründə (nizamnamədə dəyişiklik edilməklə).

Onlar hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr əsasında fəaliyyət göstərirlər. Hüquqi şəxslər öz filial və nümayəndəliklərinin rəhbərlərini təyin edir, onlara şirkətin marağını təmsil etmək və  funksiyalarını həyata keçirmək üçün etibarnamə verirlər.

Filial və nümayəndəliklərin yaradılması qərarı şirkət iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Şirkətin bir təsisçisi olduqda, onun yazılı qərarı kifayətdir. Qərarda aşağıdakı məlumatlar əks olunur:

  • adı və yeri göstərilməklə struktur vahidinin yaradılması haqqında qərar qəbul edilməsi;
  • əsasnamənin təsdiq edilməsi;
  • rəhbəri təyini;
  • struktur vahidləri haqqında məlumatların şirkətin nizamnaməsinə daxil edilməsi barədə qərarın qəbulu;
  • lazımi dəyişikliklərin edilməsi üçün tədbirlər görmək və vergi orqanlarına məlumat verilməsin şirkətin rəhbərinə həvalə olunması.

Ad seçərkən nəzərə alınmalıdır ki, o özündə “filial” (“nümayəndəlik”) sözünü və struktur vahidinin onun açılması haqqında qərar qəbul edən şirkətə aid olduğunu əks etdirməlidir.

Dövlət reyestrinə məlumatların daxil edilməsi

Filial və nümayəndəliyin yaradılması zamanı nəzərə almaq lazımdır ki, mövcud qanunvericiliyə görə, struktur bölməsi haqqında məlumat hüquqi şəxslərin dövlət reyestrində əks olunmalıdı. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları dövlət reyestrinə rüsumsuz daxil edilir. Bu filial və nümayəndəliklər üzrə məlumat dəyişiklikləri də dövlət reyestrinə rüsumsuz daxil edilir.

Proses “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun üçüncü fəslinin (“Hüquqi şəxslərin dövlət reyestri”) müddəalarına uyğun aparılır.

Vergi ödəyicisinin təsərrüfat subyektinin uçota alınması üçün Dövlət Vergi Xidmətinin yerli qurumlarına ərizə ilə müraciət edilir. Ərizə  elektron formada, şəxsən yaxud poçt xidməti vasitəsilə təqdim edilir. Təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənəd də ərizəyə əlavə edilir.

Sənədlərdə əsaslı çatışmamazlıq aşkar edildikdə onların aradan qaldırılması üçün müraciət edənə məlumat verilir.

Çatışmazlıq aradan qaldırıldıqdan sonra, imtinaya əsas olmadıqda, vergi ödəyicisinin təsərrüfat subyektinin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir.

Azərbaycanda xarici hüquqi şəxslərin filial və nümayəndəliklərin yaradılması mümkündür. Onların dövlət qeydiyyatı barədə buradan məlumat almaq olar.

Təbii ki, filial və nümayəndəliklərin yaradılması və qeydiyyatı bir çox hüquqi sənədlərin hazırlanmasın tələb edir. Vaxta və pula qənaət etmək üçün bizim mütəxəssislərə müraciət edin.

Accounting.Az konsaltinq şirkətinin əməkdaşları sizin qeydiyyat işləriniz vaxtında və keyfiyyətli aparmağa zəmanət verir. Bizimlə rahat əlaqə qurmaq olar!

whatsapp