Accounting.Az Visa ilə əməkdaşlıq çərçivəsində Birbank Biznes əməkdaşları üçün təşkil olunan təlimdə iştirak edib

Hizmet

18 Oktyabr 2026-cı il tarixində Visa ilə əməkdaşlıq çərçivəsində Birbank Biznes əməkdaşları üçün biznes kartlarının istifadəsinə həsr olunmuş təlim keçirilib.

Təlimdə Visa-nın Azərbaycanda mühasibat və vergi məsləhətçiliyi üzrə tərəfdaşı olan Accounting.Az şirkətinin təsisçisi və idarəedici tərəfdaşı Ramin Ramazanov təqdimatla çıxış edib.

Görüşün əsas diqqət mərkəzində biznes kartlarının şirkətlərin gündəlik maliyyə əməliyyatlarında istifadəsi, ödəniş proseslərinin daha çevik təşkili və bu əməliyyatların mühasibat uçotunda düzgün əks etdirilməsi dayanıb.

Praktiki nümunələr əsasında biznes kartlarının sahibkarlara təqdim etdiyi imkanlar izah olunub. Xüsusilə təcili ödənişlərin həyata keçirilməsi, əməkdaşların işgüzar xərclərinin idarə olunması, xarici xidmət təminatçılarına ödənişlər və digər gündəlik biznes ehtiyacları müzakirə edilib.

Təlimin mühüm istiqamətlərindən biri biznes kartları ilə aparılan əməliyyatların vergi və mühasibat uçotu baxımından qiymətləndirilməsi olub. Ramin Ramazanov vurğulayıb ki, biznes kartlarından səmərəli istifadə yalnız ödənişlərin sürətli həyata keçirilməsi ilə məhdudlaşmır. Əməliyyatların düzgün sənədləşdirilməsi və xərclərin qanunvericiliyin tələblərinə uyğun uçota alınması da xüsusi əhəmiyyət daşıyır.

Təqdimat zamanı bank xidmətləri ilə mühasibat prosesləri arasındakı əlaqəyə də toxunulub. Mühasiblərin şirkətlərin maliyyə qərarlarında və gündəlik bank əməliyyatlarında iştirakı nəzərə alınaraq, banklarla mühasiblər arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş Accounting.Az-ın müştərilərlə iş təcrübəsindən irəli gələn praktiki yanaşmaların paylaşılması və biznes kartlarının tətbiqinə mühasibat və vergi perspektivindən baxılması baxımından əhəmiyyətli olub. Accounting.Az Visa ilə tərəfdaşlığı çərçivəsində bank sektoru ilə bilik və təcrübə mübadiləsini davam etdirərək bizneslərdə maliyyə əməliyyatlarının düzgün və səmərəli təşkilinə dəstək göstərməyi hədəfləyir.

whatsapp
error: Content is protected !!