Daxili audit nədir, olsun ya olmasın?

Daxili audit accounting.az
Экспертные статьи

Müəllif: Ramin Ramazanov — Direktor/mühasibat və audit üzrə ekspert

Audit yoxlaması biznes riskini azaldan fəaliyyətdir

Sahibkarların, menecerlərin, uçot mütəxəssislərinin biznes fəaliyyətlərinin müəyyən mərhələsində cavab almaq istədiklərindən biri “Daxili audit nədir, o, necə təşkil olunur?” sualıdır. Amma, gəlin tələsməyək, öncə qısa formada audit yoxlaması haqqında danışaq. 

Son illər mühasibat, vergi uçotu, hesabat sisteminin təşkilinə tələblər əhəmiyyətli dərəcədə artıb, mühasibat uçotunun yeni forma və üsulları yaranıb. Tərtib edilmiş maliyyə hesabatları müəssisənin maliyyə və əmlak vəziyyətini qiymətləndirmək üçün əsas məlumat mənbəyinə çevrilmişdir. Bütün bunlar uçotda, hesabatlarda olan məlumatların dəqiqliyinin, düzgünlüyünün yoxlanmasını da zəruri edir. Belə yoxlama üsullarından biri auditdir.  Audit nədir? Çoxmənalı bu anlayış (latın sözü audiodan götürülüb, “dinləyir” mənasındadır) ümumi mənada iqtisadi fəaliyyətin bir qolu,  universitetlərdə oxunan akademik bir fəndir. Sözün dar mənasında, Azərbaycan qanunvericiliyin görə isə  yalnız maliyyə  hesabatlarının və mühasibat məlumatlarının yoxlanılması fəaliyyətinə aiddir. 

Auditin müxtəlif formaları var. Könüllü, məcburi, kənar və daxili audit nədir kimi sualların cavabını buradan tapmaq olar. 

Bəzən İnternetdə axtarış zamanı “internal audit” anlayışı ilə  rastlaşırıq.  İnternal audit nədir  sualının cavabı sadədir – bu daxili auditin ingilis dilində ifadəsidir, amma türk dili mənbələrdə tez-tez rast gəlinir. 

Mühasiblərin tez-tez rastlaşdığı audit yoxlaması anlayışı auditlə eynimənalıdır, sinonim sözdür. Yoxlamanın nəticəsi audit rəyi ilə rəsmiləşdirilir.  

Audit və təftişi qarışdırmayın.

  • Auditin məqsədi müştərinin maliyyə hesabatlarının etibarlılığına, mühasibat uçotu məlumatlarına rəy bildirməkdir. 
  • Təftiş isə müəssisələrin işində olan nöqsanların aradan qaldırılması, qarşısının alınması, aktivlərin qorunub saxlanılması, lazım gələrsə məsul şəxsləri cəzalandırmaq  məqsədi ilə aparılır.  

Daxili audit nədir və onun vəzifələri hansılardır 

İqtisadi elmlərlə bağlı mənbələrdə auditin müxtəlif növləri fərqləndirilir – daxili audit onlardan biridir. Mütəxəssislər onu biznes fəaliyyətinin yaxşılaşdırılması imkanlarını müəyyən etmək üçün ən təsirli vasitələrdən biri hesab edirlər. Yaxın keçmişdə, bəzən elə indi də, şirkətdə “Daxili audit nədir?” sualına əməkdaşların cavabı elə də ürəkaçan deyildi — bir çox hallarda o, çətin, heç də həmişə təmiz olmayan işləri yerinə yetirən, heç kimin bəyənmədiyi bir rol oynayırdı. Artıq daxili audit qarşısında daha iddialı vəzifələr qoyulur, ona olan tələblər artır və müvafiq olaraq daxili auditorların üzərinə düşən yük də artır. Bəzi hallardı hər şeyi düzəldə bilən möcüzəvi xilaskar kimi qəbul edilməyə başlanılan  daxili audit nədir?

Sahibkarlıq subyektlərində daxili audit inzibatı təsərrüfat fəaliyyəti və daxili istifadə üçün təşkil edilən könüllü audit formasıdır. Aşağıdakılar daxili auditin vəzifəsinə aiddir:  

  • təsərrüfat subyektlərində, onların struktur vahidlərində planlaşdırılmış smeta və standartlardan kənarlaşmaları müəyyən etmək;
  • kənarlaşmaların səbəblərini təhlil etmək, maliyyə-təsərrüfat fəaliyyətinin ehtiyatlarını axtarmaq və müəssisə rəhbərinə lazımi məlumat vermək;

Böyük şirkətlərdə belə nəzarət ixtisaslaşmış bölmə tərəfindən aparılır. Daxili audit bölməsinin əməkdaşı: 

  • ali iqtisadi, yaxud hüquqi təhsilə;
  • digər ixtisas üzrə ali təhsilə və audit yaxud əlaqədar sahələrdə dörd illik iş stajına malik olmalıdır.

Kiçik müəssisələrdə daxili auditin vəzifələri təsisçilər tərəfindən təyin edilmiş təftiş komissiyasına həvalə edilə bilər. 

Daxili audit üçün kənar auditorları da cəlb etmək mümkündür. “Accounting” konsaltinq şirkətinin əməkdaşları auditin aparılmasında sizə kömək edə bilər. 

Qanunvericilik baxımından “Daxili audit nədir, onun hansı vəzifələri var?” sualına cavabı, “Daxili audit haqqında” AR qanununda tapmaq olar.

Daxili auditin beynəlxalq peşəkar standartları Beynəlxalq Daxili Auditorlar İnstitutu (The Institute of İnternal Auditors, The IIA) tərəfindən həyata keçirilir. 

Şirkətdə daxili auditin rolu

Şirkətdə daxili auditin zəruri olub-olmaması barədə qərar şirkətin sahibləri və yüksək icraçı rəhbərliyi tərəfindən qəbul edilir. Bu qərar bir çox amillərlə müəyyən edilir ki, bunlara ilk növbədə aşağıdakılar daxildir: 

  • biznesə sahib olmaq və idarə etmək funksiyasının ayrılması; 
  • fəaliyyətin əhatəsi və struktur vahidlərinin tərkibi; 
  • şirkətin fəaliyyətinə xas olan risklərin səviyyəsi.

Sahibkarların şirkətin menecerləri olduğu və biznesin bütün aspektlərinə tam nəzarət etdiyi hallarda, daxili audit funksiyasına ehtiyac olmaya bilər. Amma şirkətin böyüməsi, idarəetmə proseslərinin mürəkkəbliyinin artımı zamanı daxili audit faydalı ola bilər. Çünki bu zaman faktiki olaraq rəhbərliyin vəziyyəti tam şəkildə idarə etmək üçün artıq fiziki imkanları çatmır.

Qeyd etmək lazımdır ki, Avropa və ABŞ-da biznesə sahib olmaq və onu idarə etmək funksiyalarının birləşməsi kiçik və müəyyən dərəcədə orta biznes üçün xarakterikdir. İri və bir çox orta şirkətlərdə, biznes sahibləri gündəlik təfərrüatlara varmadan şirkətin inkişaf strategiyasını və istiqamətlərini müəyyən edir, idarəetmə üçün isə peşəkar menecerləri işə götürür. Amma menecerlərin nə qədər peşəkar olmasından asılı olmayaraq, şirkətdəki işlərin vəziyyətinə nəzarət məsələsi (“güvən, amma yoxla”) sahiblər üçün aktualdır. Bu halda ən effektiv nəzarət vasitələrindən biri daxili audit ola bilər.

Daxili audit təkcə sahiblər üçün deyil, həm də şirkətin menecerləri üçün lazımdır. Menecerlərin vəzifəsi qarşıya qoyulan məqsədlərə ən effektiv şəkildə nail olmaqla biznesi idarə etməkdir. Bu tapşırığın müvəffəqiyyəti əsasən iki amildən asılıdır:

1) menecerin düzgün idarəetmə qərarları qəbul etmək üçün lazım olan məlumatlara malik olmasından;

2) qəbul edilmiş qərarların icrasına nəzarətin effektiv sisteminin mövcudluğundan.

Daxili audit məlumatları bu zaman menecerlər üçün əvəzsiz informasiya mənbəyi rolunu oynayır.

Beləliklə, biz bu məqalədə, qısa da olsa, “daxili audit nədir?” sualına cavab verməyə çalışdıq. Eyni zamanda onlayn axtarış zamanı qarşımıza çıxan “internal audit nedir?” sualını da aydınlıq gətirməyə çalışdıq. Növbəti yazılarımızda audit, onun növləri barədə ətraflı məlumatlar verməyə çalışacağıq.  

whatsapp