Mühasibat uçotu nədir?

Ekspert yazıları

Müəllif: Kəmalə Rzayeva – Baş mütəxəssis/mühasibat və vergi uçotu üzrə ekspert/təlimçi

Uçot necə meydana gəldi?

Çox vaxt “uçot” və mühasibat uçotu”-nu eyniləşdirirlər, amma uçot daha qədim inkişaf tarixinə malikdir. “Mühasibat uçotu nədir?” sualına cavab verməzdən öncə, uçotun inkişaf mərhələsinə qısa nəzər salaq.   

Sözün mənşəyi (nəyisə hesabaalma, siyahıyaalma, hesablayaraq qeydəalma) uçotun mübadilə prosesi ilə əlaqədar yarandığını deməyə əsas verir. Qədim insan ovladığı heyvanları hesablayıb qeydiyyatını aparıb. Cəmiyyətin sonrakı inkişafı uçotun müxtəlif sahələrdə tətbiqinə səbəb oldu, mühasib, auditor peşəsi meydana gəldi, mühasibat uçotu haqqında biliklər formalaşmağa başladı. Bütün dövrlərdə “Mühasibat uçotu və audit nədir?” uçotla bağlı verilən əsas suallardan biri olub. Belə sualları bir məqalə ilə cavablandırmaq çətindir, bu yazıda mühasibat uçotu haqqında qısa məlumat verməyə salışacağıq. “Audit nədir?” sualının cavabını isə buradan tapa bilərsiniz.   

İlk insanlara sadə və primitiv istehsal zamanı şifahi hesablama da bəs edirdi. Lakin insan cəmiyyəti inkişaf etdikcə istehsal da inkişaf edib mürəkkəbləşidi. Artıq insan üçün əmlakı saymaqla yanaşı, eyni zamanda istehsal prosesini də qeydə almaq lazım gəlirdi. Nəticədə, əvvəlcə sadə qeydlər, sonra isə təkmilləşdirilmiş üsullarla aparılan mühasibat uçotu formalaşmağa başladı. 

Mühasibat uçotunun sadə hesabdarlıq dövrü 

İnkişaf etmiş uçot sisteminin izlərinə Nil, Dəclə və Fərat çayı boyunca yaşayan insan cəmiyyətlərində rast gəlinməsi mühasibat uçotu haqqında elmi mənbələrdə ətraflı qeyd olunub. 

Böyük ticari əlaqələri olan finikiyalılar, misirlilər və vavilyonlulardan bizə əmlak siyahıları və borclar barədə qeydlər gəlib çatıb. 

Hələ XIII-XIV əsrlərdə İtaliya və Fransanın bir sıra ticarət mərkəzlərində uçotun təkmilləşdirilməsi istiqamətində işlər görülürdü. Bu işlərin izlərinə Florentiyanın ticarət firmaları, eləcə də Şampan (Fransa) əyalətinin tacirlərinin qeydlərində rast gəlinir. Bu qeydləri müasir mühasibat uçotunun ilk rüşeymləri hesab etmək  

Ticarətin genişləndirilməsi borclara görə hesablaşmaların aparılması və malların hesablanaraq qeydəalma prosesinin dəqiqliyini zəruri edirdi. Borc və mallar üzrə qeydlər lövhələr, peqment və taxtalarda əks etdirilirdi. Kağızın ixtirası uçotda kitablardan istifadəyə yol açdı. Kitabda hər bir borc üçün hesablar açılır, qeydlər isə bu borc hesabı üzrə aparılırdı. Eyni zamanda bu qeydlərin düzgünlüyünün yoxlanması da lazım gəlirdi. Beləliklə mühasibat uçotu və audit paralel inkişaf edirdi.


Mühasibat uçotu kurslarında uçotu “0”-dan öyrənin


Nağd pulla yanaşı, kağız pulların (çek, veksel və s.) dövriyyəyə buraxılması kassa, mal, veksel və digər kitabların meydana gəlməsi və kitab hesabdarlığının yaranmasına səbəb oldu. Beləliklə, yeni anlayışlar meydana gəldi:

  • Hesab – hər hansı hesablamanın rəqəmlərlə ifadə olunan nəticəsi;
  • Hesabdarlıq – hesablar üzrə əməliyyatların uçotunun aparılması;
  • Hesabdar – “hesablayan” (hesabçı) funksiyasını icra edən şəxs.

 Mühasibat uçotu haqqında ilk elmi yazılara Benedetto Kotruli (1458) və Luka Paçolinin (1494) əsərlərində rast gəlinir. İtaliya riyaziyyatçısı Luka Paçolinin (1445-1515) -ci ildə ”Hesab, həndəsə məbləği, bərabərlik və münasibətlər elmi haqqında“ adlı əsəri elmi kəşf kimi qəbul olunmuş və uçotun əsasını müəyyən etmişdir. Əslində böyük riyaziyyata açılış kimi nəzərdə tutulan bu elmi iş Luka Paçolini mühasibat uçotu haqqında ilk əsərin müəllifi kimi tanıtmışdır. 

Mühasibat uçotu nədir?

Mühasibat  – “buchhalter” alman sözündən götürülüb. Burada “buch” kitab, “halten” isə tutan və aparan mənasındadır, yəni “kitab tutan və aparan” mənasını verir. Mühasibatlığı, müəyyən olunmuş qaydada, mühasib kitabı əsasında bacarıqla aparan sahə kimi şərh etmək olar. Mühasibat uçotu:

  • müəssisə səviyyəsində fəaliyyət göstərir;
  • müəssisədə həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının, həmçinin;
  • baş verən hadisələrin müntəzəm qeydiyyatını aparır. 

Müəssisənin mühasibatlığında əməliyyatların qeydiyyatına, mühasibat uçotunun aparılmasına  mühasib məsuliyyət daşıyır. Müəssisədə həyata keçirilən bütün təsərrüfat əməliyyatlarına əmlak, öhdəliklər, gəlir və xərclərin mövcudluğu və hərəkətini əks etdirən əməliyyatları aid edilir. Müəssisənin əmlakı onun sahib olduqlarıdır. Buraya aşağıdakılarI aid etmək olar:

  • binalar, avadanlıqlar;
  • pul vəsaitləri;
  • digər şəxslərdən aldığı mülkiyyət hüquqları (məsələn, icarə hüququ);
  • tədqiqat nəticələri, əmtəə nişanları və sair.

Öhdəlik müəssisənin yerinə yetirməli olduğu borclardır. Müəssisdə həyata keçirilən bütün əməliyyatlar və baş verən hadisələrin müəyyən ilkin sənədləri mövcud olmalıdır (məsələn, qəbzlər, hesablar və s.). Sonradan məlumatlar maliyyə hesabatlarında ümumiləşdirilir və icmal şəkildə təqdim edilir

Bütün sənədlər əsasında qeydlərin düzgün aparılması üçün bu sahəyə cavabdeh şəxsin mühasibat uçotu haqqında hərtərəfli biliyi olmalıdır. Beləliklə, “Mühasibat uçotu nədir?” sualını belə cavablandıra bilərik:   

“Mühasibat uçotu – müəssisələrin təsərrüfat fəaliyyəti haqqında cari və yekun məlumatlar əldə etmək məqsədilə fasiləsiz aparılan müşahidə və nəzarət sistemidir”.

Biz bir məqalənin həcminin imkan verdiyi formada “Mühasibat uçotu və audit nədir?” sualının birinci hissəsinə cavab verməyə çalışdıq. Bizim elektron resurslardan  mühasibat uçotu haqqında daha ətraflı məlumat ala, Audit nədir? sualını cavablandıra bilərsiniz.