Müəssisədə mentorluq sisteminin təşkili

mentorluq sistemi, mentorluq sisteminin təşkili accounting.az,
Ekspert yazıları

Müəllif: Ramin Ramazanov – Direktor/mühasibat və audit üzrə ekspert.

Yeni əməkdaşların iş yerinə uyğunlaşmasının səmərəli üsullarından biri onlara mentorluq edilməsidir. 

Mentorluq nədir?

Mentorluq – təsərrüfat fəaliyyətinin müəyyən sahəsində daha səriştəli mütəxəssisin əməkdaşların yeni peşə yaxud vəzifəyə uyğunlaşmasına kömək etməsi, onların öyrədilməsi prosesidir, mentor isə bu prosesi həyata keçirən şəxsidir. 

Bir çox hallarda mentor anlayışı hamilik tyutor anlayışları ilə sinonimləşdirilir. Amma, onlar arasında kiçik də olsa, kiçik prinsipial fərqlər vardır.

Hami, geniş mənada, birini himayə edən, himayəsi altına alan şəxsdir. Daha dar çərçivədə isə, o, ilk növbədə, mövcud nəzəri biliklərin reallaşdırılması məqsədi ilə iş yerində praktik bacarıqların öyrədilməsin təmin edir. 

Tyutor isə birbaşa təlim keçmir, o, yalnız əməkdaşın özünütəhsilinə dəstək verir, məsləhətləri ilə yol göstərir.

Mentor  – hami və tyutordan fərqlənir, mentorluqda öyrənmə prosesi nəzəriyyənin şərhini və  onun praktiki tətbiqini əhatə edir. Müasir müəssisədə bu, texnoloji prosesin tam həyata keçirilməsi üçün yeni işçilərin öyrədilməsi sistemidir. Bu zaman istifadə edilən təlim metodu özünəməxsus müəyyən xüsusiyyətlərə malikdir. 

Çox vaxt mentorluğu iş yerində təcrübə keçməklə eyniləşdirirlər. Düzdür, onların ümumi xüsusiyyətləri var,  amma, özlüyündə iş yerində təcrübə keçmək və mentorluq fərqli metodikalarla həyata keçirilir.  

Mentorluğun əsas xüsusiyyətləri

Mentorluğun əsas xüsusiyyətlərini “Danış-göstər-et” prinsipinə əsaslanan aşağıdakı nümunədə daha asan nümayiş etdirmək mümkündür: 

  • Danış. Mentor bu mərhələdə  əməkdaşın nəzəri biliklərini və ayrıca götürülmüş iş prosesini onun necə başa düşməsini aydınlaşdırır. Eyni zamanda mentor müəssisə çərçivəsində prosesin xüsusiyyətlərindən danışır, işçinin nəzəri biliklərindəki boşluqları doldurur. Bu zaman işgüzar ünsiyyət bacarıqlarına malik olmaq önəmli rol oynayır. 
  • Göstər. Mentor iş prosesinin zəruri icrasının praktiki nümayişini təmin edir, həmçinin işçinin tələb olunan əmək funksiyasını yerinə yetirmək üçün lazımi hərəkətlərin tam alqoritmi barədə məlumatlandırılmasını təmin edir.
  • Et. Bu mərhələdə işçi əldə etdiyi praktiki biliklərdən istifadə edərək, mentorun nəzarəti altında əmək tapşırığını özü yerinə yetirməyə çalışır. Mentor, öz növbəsində, işçinin hərəkətlərinə, onların düzəldilməsinə nəzarət edir, mümkün səhvləri nəzərdən keçirir, eləcə də nəticəyə qiymət verir.

Yuxarıda qeyd olunan addımlar yalnız əsas sxemdir – təcrübədə müəssisədə təlimin tətbiqi daha ətraflı yanaşma, hər mərhələnin ayrıca işlənməsini tələb edir.

Odur ki, yeni əməkdaşların təlimi üçün uyğun planların öncədən hazırlanması tövsiyə olunur – bu planın hazırlanması həm lokal normativ aktlarda nəzərə alına bilər yaxud mentorun öz ixtiyarına verilə bilər. 

Mentorluq fəaliyətinin müəssisələrdə təşkili

Özlüyündə mentorluq, bu prosesdə minimum 2 nəfərin – əməkdaşın və mentorun  iştirakı nəzərdə tutulur. Bəzən bu qayda pozulur, amma nəzərə almaq lazımıdır ki, bu metod “1 işçi-1 mentor” prinsipinə əməl edildikdə ən yüksək səmərəlilik əldə edilir.
Əmək qanunvericiliyində yuxarıda qeyd edilən mentorluq, həmçinin hamilik, tyutorluq  institutunu birbaşa nizamlayan maddələr yoxdur, onun tətbiqi birbaşa işəgötürənlərin qərarı ilə tənzimlənir. Yəni müəssisənin kadrlar xidməti əməkdaşları  mentorluğu işçilərin təlimi prosesi kimi tənzimləyən, onu hüquqi əsaslandırma ilə təmin edən müvafiq lokal normativ aktlarını tərtib etməlidir.

İşəgötürən mentorların seçilməsi zamanı bir sıra amillərə fikir verməlidir. Mentor aşağıda sadalanan xüsusiyyətlərin hamısına eyni zamanda malik olmalıdır:

  • peşəkarlıq; 
  • şəxsi maraq;
  • nüfuz; 
  • təlim bacarıqları.  

Faktiki olaraq, mentorluq həm bütün şirkəti, həm də onun müxtəlif struktur bölmələrini əhatə edə bilər. Kiçik şirkətlərdə mentor rolunu işəgötürən özü yerinə yetirə bilər – bu yanaşma fərdi sahibkarlar üçün xüsusilə aktualdır.

Mentorluq böyük şirkətlərdə düzgün təşkil edilmədikdə, müəyyən çətinliklər yarada bilər. Kənar mütəxəssislərin autsorsinq üsulu ilə cəlb edilməsi, mentorluq xidmətinin təşkilinin digər üsulu ola bilər.

Azərbaycanda autsorsinq xidmətləri bazarında xüsusi çəkiyə malik “Accounting.Az” konsaltinq şirkəti mentorluq sisteminin təşkilində sizə kömək edə bilər. 

whatsapp