Müsahibə
Kredit təşkilatlarında maliyyə hesabatları məlumatlarının düzgünlüyü, etibarlılığı və vahid formada təqdimatı xüsusi əhəmiyyət kəsb edir. Bunda həm banklar, həm də onların səhmdarları maraqlıdır. Banklarda mühasibat uçotunun təşkili iqtisadiyyatın digər sahələrində mühasibatın aparılması ilə sıx bağlıdır. Bu bağlılıq necədir? Banklarda mühasibat uçotunun predmeti və metodu hansılardır, mühasibat uçotunun əsasları fərqlidirmi?
Bu və digər sualları “Accounting.Az” saytının redaktoru Cəmil Əsədov cavablandırır.
- Banklar və digər kommersiya müəssisələri, təşkilatlar hüquqi cəhətdən biri digərindən asılı olmayan, sərbəst qurumlardır. Bəs onları bağlayan nədir?
-
- Əgər bu sualı bir sözlə cavablandırmaq lazım gəlsəydi, deyərdim ki, mühasibat. Gəlin bunu bir az xırdalayaq. Hüquqi cəhətdən sərbəst olan bu qurumlar, vahid bir təsərrüfat sisteminin hissələridir. Bu sistemdə uçotun aparılması zəruridir. Təsərrüfat uçotunun növləri müxtəlifdir, onlardan bir də mühasibatdır. Banklarda mühasibatın uçotunun təşkili müəssisələrdə mühasibatın aparılmasına birbaşa təsir göstərir. Bu təsir bankların müəssisələrə hesablaşma, kassa, kredit xidmətləri üzrə fəaliyyəti ilə müəyyən edilir. Banklar gündəlik olaraq müştərilərin analitik uçotu üçün şəxsi hesablar tərtib edir və bu hesablardan gün ərzində aparılan bütün hesablaşma, kredit ödənişlərini əks etdirən çıxarışlar onlara verir. Belə çıxarışlar müəssisələrin mühasibat uçotunda bütün bank əməliyyatlarının əks olunması üçün əsas rolunu oynayır.
- Kredit təşkilatlarında mühasibat uçotunun əsasları hansı anlayışlar üzərində qurulub?
- Əslində mühasibatın əsas məqsədi, onun əsas anlayışları iqtisadiyyatın müxtəlif sektorlarında eynidir. Sadəcə yanaşma nisbətən fərqli ola bilər. Aktiv, passiv, balans, mühasibat bərabərliyi düsturu mühasibat uçotunun təşkili zamanı istifadə edilən əsas anlayışlardandır. Amma bu anlayışların özünəməxsus xarakterik xüsusiyyətləri var. Məsələn, bank balansı gündəlik tərtib edilir; hesablar üzrə gündəlik yazılışlar aparır, həmçinin müştərilər üçün hesabdan çıxarışlar hazırlanır.
Qeyd etmək istərdim ki, təsərrüfat uçotunun növlərinin hər biri uğurla bankların fəaliyyətində tətbiq edilir. İdarəetmə, vergi, maliyyə uçotu məlumat istifadəçilərinin tələblərini ödəməkdə mühüm rola malikdir. Banklar üzrə tətbiq edilən vahid maliyyə hesabatları forması bütün bankların fəaliyyətinin adekvat müqayisəsi və təhlilinə imkanı yaradır.
- Banklarda mühasibat uçotunun predmeti və metodu haqqında nə deyə bilərsiniz? Bu bir az geniş mövzudur, odur ki, xahiş edirəm, qısa, həm də konkret nümunə ilə izah edəsiniz.
- Banklarda mühasibat uçotunun predmeti bankın nizamnamə fəaliyyətini təşkil edən obyektlər, yəni xüsusi və cəlb edilmiş vəsaitləri, habelə banklarda müvəqqəti saxlanılan qiymətlilər və sənədlərdir. Bunlara, kredit təşkilatlarının əmlakı, öhdəlikləri və bankların fəaliyyətləri zamanı həyata keçirdikləri əməliyyatlar aiddir. Aktivlər, bankın təsərrüfat (nizamnamə) fəaliyyətinin həyata keçirilməsin təmin edən vəsaitlərdir. Öhdəliklər bu vəsaitləri formalaşma mənbələrdir. Məsələn, bankın cəlb etdiyi əmanətlər (bankın öhdəlikləri-passivlər) mənbələrdir (resurslar). Bu mənbələr (depozitlər) hesabına aktiv kredit əməliyyatları həyata keçirilir.
Banklarda mühasibat uçotunun metodu bankın maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunda əks etdirildiyi üsul və qaydaların məcmusudur. O, bir sıra elementlərdən ibarətdir, onlardan əsasları bunlardır: sənədləşmə, inventarizasiya, hesablar, ikili yazı, qiymətləndirmə, balans, maliyyə hesabatları və sair.
Bütövlükdə mühasibatın metodoloji əsasları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilir. Banklarda mühasibat uçotu vahid metodoloji bazaya riayət etməklə pul dövriyyəsinin xidmət sektoruna uyğun fərqləndirici xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətləri nəzərə alarıq banklarda mühasibat uçotunun təşkili üçün metodoloji sənədlər hazırlanır. “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”, “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər”, daxili normativ sənədlər bunlara kiçik bir nümunədir.
- İndi isə gəlin bir az banklarda mühasibat uçotunun təşkilinin əsas prinsiplərindən danışaq.
- Banklarda mühasibat uçotunun aparılması AR qanunvericiliyinə uyğun olaraq formalaşmış bankın uçot siyasəti əsasında həyata keçirilir. Bankın mühasibatlığı müstəqil struktur bölməsidir və ona baş mühasib rəhbərlik edir. Mühasibat əməliyyatları onların yerinə yetirilməsi vəzifə təlimatları ilə müəyyən edilmiş, hesablaşma-kassa sənədləri və digər sənədlərin qəbulu, icrası, nəzarəti ilə məşğul olan bank işçiləri tərəfindən həyata keçirilir. Banklarda mühasibat uçotunun əsaslarını təşkilatlardan, fiziki şəxslərdən pul sənədlərinin qəbulu, düzgünlüyünün yoxlanılması, habelə onların uçotda əks etdirilməsi üçün sənədlərin hazırlanması, hesablaşma sənədlərinin kartotekalarının aparılması və ödənişlərin vaxtında icrasına nəzarəti əhatə edən əməliyyat işi təşkil edir.
Əməliyyat işlərinin yerinə yetirilməsi və mühasibat uçotu ilə bağlı proseslərin məcmusuna uçot- əməliyyat işi deyilir. Uçot-əməliyyat işinin təşkili aşağıdakı tələblərə cavab verməlidir:
- İş günü ərzində müştərilərdən qəbul edilmiş sənədlərlə, habelə bank müəssisələrindən daxil olan bütün əməliyyatlar həmin gün mühasibat uçotunda əks etdirilir.
- Əməliyyat vaxtı bitdikdən sonra banka daxil olan sənədlər növbəti hesabat gününün mühasibat uçotunda əks etdirilir.
Bank əməliyyat gününün rejimi müstəqil olaraq bank tərəfindən müəyyən edilir. İşçinin təqdim edilən hesablaşma-kassa sənədlərini imzalamaq hüququ bank rəhbərinin əmri ilə rəsmiləşdirilir. İdarə rəisləri, baş mühasibin müavinləri nəzarət imzası hüququna malikdirlər.
İri kredit təşkilatlarında mühasibat uçotunun əsaslarını təşkil edən uçot- əməliyyat işi 3 bölmə arasında bölünür: frant-ofis, bek-ofis, mühasibatlıq.
Banklarda təsərrüfat uçotunun növləri, onların alt sistemləri fəaliyyətin müxtəlif mərhələlərində istifadə edilir, amma mühasibat uçotu həm onlar, həm də maliyyə hesabatları üçün əsas informasiya mənbəyi rolunu oynayır. Məhz bu cəhətdən kredit təşkilatlarında mühasibat uçotunun təşkili, mühasibat uçotunun predmeti və metodunun düzgün müəyyən edilməsi önəmli məsələlərdəndir.
Bizim autsorsinq əsaslı xidmətlərimizin geniş çeşidi ilə daha ətraflı aşağıdakı nömrələrimizə zəng edib tanış ola bilərsiniz.
+994125983798
+994123100929
+994502258205