Audit nədir?

Audit nədir, Audit accounting.az,
Ekspert yazıları

Audit yoxlaması nədir və nə vaxt keçirilir?

Audit müəssisələrdə, təşkilatlarda, idarələrdə  yaxud onların ayrıca bir struktur bölməsində aparılan yoxlama növüdür.  Audit nədir? O, nə üçün keçirilir? Bu prosedur təqdim edilən hesabatların həqiqiliyinin, mühasibat uçotunun düzgün aparılmasın, təsərrüfat fəaliyyətinin tənzimləməsi üçün vacibdir. Bu zaman bütün proseslər, məhsullar, eləcə də icra edilən layihələr yoxlanılır. 

Sadə sözlərlə “Audit yoxlaması nədir?” sualına, ümumi mənada belə cavab verə bilərik: 

Audit yoxlama, nəzarət yoxlanışı deyil, onun əsas məqsədi səhvləri aşkar etmək və aradan qaldırmaq imkanını müəyyənləşdirməkdən ibarətdir. 

Azərbaycan Respublikası qanunvericiliyində auditin tərifi daha dar çərçivədə verilir, o, mühasibat tərəfindən verilən maliyyə, habelə digər hesabat növlərinin yoxlanılması ilə bağlı fəaliyyət kimi göstərilir. Prosedurun əsas vəzifəsi – uyğunsuzluğu aşkar etməkdir.

Biznes təcrübəsində “əməliyyat auditi”, “texniki (sənaye) auditi”, “İT təhlükəsizliyi auditi”, “ekoloji audit”, “keyfiyyət auditi”, digər audit növləri anlayışlarından istifadə olunur, lakin bu anlayışlar qanunla müəyyən edilmiş təriflərə malik deyil.

Audit yoxlama təftişə bənzəyir, lakin bir sıra əhəmiyyətli fərqlərə malikdir. Bu, şirkətin maddi vəziyyətini yaxşılaşdırmaq, həmçinin təqdim edilən sənədlərin  real  məlumatlara uyğunluğunu müəyyən etmək üçün həyata keçirilən yoxlamadır. Yoxlamanın nəticəsinə görə auditor rəyi tərtib edilir. 

Təftiş isə çatışmazlıqları aşkar etmək, onları aradan qaldırmaq, məsul şəxsləri cəzalandırmaq üçün zəruri olan məcburi bir prosesdir. 

Audit yoxlama aşağıdakı məsələləri öyrənmək, təhlil etmək, nəticə çıxarmaq məqsədilə aparılır:

  • mühasibat uçotunun aparılması, maliyyə hesabatının hazırlanması qaydasına riayət edilməsi;
  • təsərrüfat, habelə maliyyə əməliyyatlarının qanunvericiliyə uyğunluğu;
  • müəssisənin fəaliyyət sənədlərin tamlığı, düzgünlüyü.

Kənar audit nədir?

Təsərrüfat subyektləri fəaliyyətlərinin müxtəlif mərhələlərində auditin ən azı bir növü ilə rastlaşırlar. Qanunvericilik yoxlama prosesinin 2 növünü fərqləndirir:

  • məcburi;
  • könüllü. 

Məcburi audit qanunla müəyyən edilmiş hallarda, həmçinin dövlət qurumlarının tapşırığı əsasında keçirilir. Audit yoxlaması, onun keçirilmə qaydası, həcmi qanunvericiliklə tənzimlənir.

Mikro və kiçik sahibkarlıq subyektlərindən başqa  bütün məhdud məsuliyyətli cəmiyyətlər hər il maliyyə hesabatları, habelə onların düzgünlüyünü təsdiq edən auditor rəyi təqdim etməlidir. Belə rəyin təqdim edilməsi məcburidir. Rəy müstəqil (kənar) auditor tərəfindən aparılmış yoxlama əsasında hazırlanır. Bəs kənar audit yoxlaması nədir? 

Kənar audit şirkətin fəaliyyətinin kənar mütəxəssislər cəlb etməklə müstəqil qiymətləndirilməsidir. Yoxlama cəmiyyətin mülkiyyətçilərinin, səhmdarlarının tələbi, habelə qanunvericiliyə uyğun olaraq  müqavilə əsasında audit xidmətləri göstərən firma yaxud sərbəst auditorlar tərəfindən həyata keçirilir. Maliyyə hesabatlarının qanunvericiliyə uyğun, düzgün tərtib edilməsi kənar audit yoxlaması nəticəsində müəyyən  edilir.

Daxili audit nədir və digərlərindən nə ilə fərqlənir?” sualına burada ətraflı cavab verilir. Onun təşkilini, aparılmasını Daxili audit haqqında” AR qanunu tənzimləyir. 

Könüllü audit hansı hallarda aparılır 

Əgər biznesinizi satmağı yaxud  investorlardan vəsait cəlb etməyi planlaşdırırsınızsa, sizə şirkətin vəziyyətinin tam və obyektiv mənzərəsi lazım olacaqdır. Belə bir mənzərəni könüllü audit yoxlaması təsvir edə bilər. Könüllü audit nədir, hansı hallarda tətbiq edilir?

Könüllü yoxlama müəssisə rəhbərinin qərarına uyğun, icraçı firma ilə bağlanmış müqavilə əsasında icra olunur. Bu cür yoxlamanın xarakteri, həcmi müştəri tərəfindən müstəqil müəyyənləşdirilir. Respublikamızın ərazisində audit xidmətləri AR Auditorlar Palatası tərəfindən verilən lisenziyaya malik sərbəst auditorlar tərəfindən də həyata keçirilə bilər. 

Könüllü və məcburi audit arasında əsas fərq, adından göründüyü kimi,  prosedurların könüllü  olmasıdır. Bu, yoxlama istiqamətlərini çevik şəkildə seçməyə imkan verir. Məsələn, yeni menecer şirkətdəki işlərin vəziyyəti haqqında tam və obyektiv məlumat almaq istəyirsə, o, bütün sahələrdə tam hüquqlu audit yoxlaması sifariş edə bilər. Bundan sonra zəruri hallarda mühasibat uçotunu, ilkin sənədlərin tərtibinin düzgünlüyünü yoxlamaq, digər tapşırıqlar üçün auditorlar cəlb oluna bilər. 

Könüllü auditin məqsədləri aşağıdakıları əhatə edə bilər:

  • mühasibat, vergi uçotunun düzgünlüyünün, etibarlılığının qiymətləndirilməsi;
  • maliyyə, vergi, mühasibat hesabatları üzrə məlumatların yoxlanılması;
  • uçotun aparılması, sənədlərin tərtibində pozuntu və çatışmazlıqların aşkar edilməsi;  
  • nəzarət orqanları tərəfindən aparılan yoxlamalar zamanı risklərin aradan qaldırılması; 
  • biznesin cari vəziyyətinin təhlili, bütün fəaliyyət sahələrində qərarların qəbul edilməsi. 

Audit yoxlamasının nəticələri investorları tapmaq, onlara müəssisənin üstün tərəflərini açıqlamaq, daxili ehtiyatları müəyyən etmək, fəaliyyəti yaxşılaşdırmaq üçün istifadə edilə bilər. Yoxlama kənar yaxud daxili mütəxəssislərinin prosesə cəlb edilməklə aparılır.  “Kənar audit nədir?” sualını biz yuxarıda cavablandırmışıq, daxili audit yoxlaması nədir, onun necə aparılması haqqında isə buradan məlumat ala bilərsiniz. 

Müəllif: Ramin Ramazanov – Direktor/mühasibat və audit üzrə ekspert.

whatsapp